“Ədibin Evi”nin işığı - Natiq Məmmədli yazır

Çiskinli bir payız axşamı - oktyabrın 13-də sevinc və məmnunniyyət hissiylə “Ədibin Evi”nə yollandım. Evə daxil olan kimi tamam fərqli auraya düşdüyümü tək mən yox, ora qədəm qoyan hər kəs hiss edir. XX əsr ədəbiyyatının klassiklərindən görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin 1930-1940-cı illərdə yaşadığı ünvanda hazırda “Ədibin Evi” fəaliyyət göstərir. Bu ünvan artıq ədəbiyyat və mədəniyyət sevərlərə yaxşı tanışdır, yarandığı gündən bir sıra yaddaqalan layihələrə imza atmış “Ədibin Evi” Azərbaycanın mənəvi sərvətlərini təbliğ etmək kimi mühüm bir missiya yerinə yetirməkdədir. Bakının tarixi mərkəzi – İçərişəhərdə yerləşmiş, hər köşəsində dövrün müqtədir sənətkarlarının, əfsanəvi söz və fikir xadimlərinin xatirələri yaşayan Mir Cəlalın evinin pəncərələrindən ümid və gələcəyə inam ovaqatı aşılayan işıq süzülürdü. Mən də o işığı tutub getmişdim.

İndi bir qədər əvvələ qayıdım... “Sev” romanı işıq üzü gərəndə “Kaspi”yə müsahibə vermişdim və kitabı “iki illik zəhmətin təəssüfü” adlandırmışdım. Təəssüfün səbəbləri yetəri qədərdir və düşünürəm ki, bu diyarın kitabdan xəbəri olan, hələ üstəlik kitab yazanlarına bu hiss yaxşı tanışdı. Nəşriyyatlarımızın məlum durumu, kitab bazarının məhdudluğu, oxucu problemi, qonorar dərdi və sairə... Bir sözlə Azərbaycan ədəbiyyatında həmişə təəssüflənmək üçün səbəb var və bunların üzərinə pandemiyanın gətirdiyi “məsafə saxlamaq” ənənəsini də əlavə etsək, necə deyərlər, lap gül vurar. Onsuz da bizim kitabla aramızdakı məsafə heç vaxt yaxın olmayıb və pandemiyanın pisixoloji gərginliyindən sonra bu məsafə daha da uzanıb.

2020-də “Qəhrəmanım sənsən” seçmə hekayələr kitabım, 2021-də isə “Sev” romanım işıq üzünə çıxan kimi sanki “Covid”ə yoluxdular və karantin səbəbindən nə bir imza günü keçirə bildim, nə də ki, oxucularla görüş üçün fürsətim oldu. Təbii burada bir planlama da olmalıdır, amma yenə də təəssüf hissi ilə bildirmək istərdim ki, kitabın marketinq tərəfindən söhbət düşəndə mən də çoxsaylı yazıçı dostlarım kimi köməksiz qalıram. Nəşriyyatlar nə satır, necə satır deyə bilmərəm və heç bu yazıda onları qınamaq fikrim də yoxdu.

Bu optimizimdən uzaq düşmüş qənaətimi dəyərli həmkarım Şəfəq Mehrəliyeva alt-üst elədi. Onun “Ədibin Evi”ndə oxucularla görüş keçirmək təklifinə fikirləşmədən “hə” dedim. Şəfəq xanım yaxşı bir sloqan da müəyyənləşdirmişdi - “Yalnız sevənlər anlar”. Müasir hekayəçilik barədə söhbət”. “Sev” romanının epiqrafının sloqan kimi seçilməsi sanki auditoriyanın da tərkibini əvvəlcədən müəyyən etmiş oldu. Belə ki, görüşə təşrif buyuranların hamısı gənclər idi, tələbkar, sual verməyə, polemika aparmağa hazır gənclər!

“ADA” Universitetinin müəllimi, “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədilə görülən işlərdən və gələcək fəaliyyətdən bəhs etdi. Şəfəq xanımın moderatorluğu ilə evin bütün oturacaqlarını tutmuş gənc oxucuların sual yağışına tutuldum. Sualların peşəkarlıq səviyyəsindən, əsərlərin bədii məziyyətləri ilə maraqlanmalarından anladım ki, görüşə gələnlər tək mənim yox, bir çox yazıçıların əsərləri ilə yaxından tanışdırlar. Gənclərin mütaliə səviyyəsi, maraq dairələrinin genişliyi məni çox sevindirdi.

“Ədibin Evi” ictimai fikrimizdə uzun illər yaranmış olan boşluğu aradan qaldırmaqdadır. “Ədibin Evi” klassika və müasirliyi birləşdirərək hazırda Azərbaycanın ədəbi prosesinə yön verən, yeni zövq və trendləri gündəmə gətirən platforma kimi çıxış edir. Görüşə qədər düşüncələrimə hakim kəsilmiş pandemiya dövründən qalmış təəssüf hissinin yerini sevinc və ümid hissləri tutdu. Düşünürəm ki, Mir Cəlal ocağına təşrif buyurmuş şəxslərin hamısı görüşdən eyni təəssüratla ayrılmış oldular. Daha doğrusu, ayrılmadıq, “gələn görüşlərədək” söylədik.

Bir sözlə, “Ədibin Evi”ndən süzülən işıq yalnız İçərişəhərin dar köndələn küçələrini, tarixin izi hopmuş qala divarlarını nura qərq etmir, eyni zamanda Azərbaycan ədəbiyyatına yön verən mənəviyyat mayakıdır!

Natiq Məmmədli




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR