“Mənim adım insafdır, sən ölə bilməzsən...” - Tural İsmayılovun qısa absurd hekayəsi

Son nəfəsini verərkən ətrafındakıların yorğun baxışlarını ətrafında hiss edirdi. Soyuq baxışlarında bir ümid işığı vardı. Sanki anlayırdı ki, nə olsa da o, heç vaxt ölməyəcək, davamçıları onun həm də daşıyıcıları olacaqlar. Ətrafında 5 kölgə dayanmışdı, qaranlıq simalarda duyğular da fərqli idi. Son nəfəsini verərkən dedi:

“Məni dinləyənlər, bilirəm ki, aranızda təkcə üzülənlər yoxdur, həm də sevinənlər var. Ölməyim kimlər üçünsə şansdır. Mənim haqqımda yaradılış var olandan bu yana müxtəlif miflər dolaşdı, fikirlər oldu və bu gün də mənim yaşımı insanlığın var olduğu günlə eyni dövrdə görürlər. Vicdan fəlsəfənin meydana çıxmasından bu yana bir çox filosofları onu müəyyən etməyə və etik və antropoloji baxımdan araşdıraraq arqumentlər ortaya qoymağa vadar edən mühüm sosial anlayışdır. Bir çox lüğətlər, xüsusən də fəlsəfə lüğətləri vicdanın nə olduğuna dair oxşar təriflər verməyə çalışıblar. Amma məni nə qədər ifadə ediblər, bunu deməyə çətinlik çəkirəm. Vicdan insan davranışını istiqamətləndirən, fəlsəfi antropologiyanın və etikanın mərkəzində dayanan unikal anlayışdır.


Bir çox mütəfəkkirlər vicdanı “insanın dəyərlər iyerarxiyasında ən yüksək, ən düzgün və ən yaxşısını seçmək qabiliyyəti” kimi tərif edirlər. Bu səbəbdən də vicdan insanın “münasibətlərin getdikcə mürəkkəbləşən dünyasında yaxşı ilə pisi, doğru ilə yanlışı ayırd edə bilmə qabiliyyəti” olaraq da təyin olunur. Yaxşını pisdən, doğrunu yanlışdan ayırmaq asan deyil və daha çox insanın sosial mövqeyi, ailəsindən aldığı tərbiyə, məktəbdən və mühitdən aldığı təhsillə bağlıdır. Bu məqamda mənim nə qədər kömək göstərə bilməyim özümə də düşündürücü gəlir. Getdikcə mürəkkəbləşən münasibətlər dünyasında nəyin doğru və nəyin yanlış, nəyin ədalətli və nəyin qəddar olduğunu anlamaq, vəziyyəti şüurlu şəkildə qavramaq və şüurlu yanaşmaq hər kəsin bacarığı deyil. Sadə və dəqiq müəyyən edilmiş insan vəziyyətlərində vicdanın səsini dinləmək asan olsa da, mürəkkəb və çətin münasibətlərdə yol tapmaq çox çətindir və buna görə də insanlar çox vaxt kəskin fəlsəfi baxışa, müşahidəyə əsaslanan həyat təcrübəsinə ehtiyac duyurlar.

Cəmiyyətdən əldə etdiyimiz əxlaqi dəyərlər bizi cəmiyyət olaraq yaşadan qayda və prinsiplər kimi müəyyən edilir. Və bu prinsiplər daha çox vicdanlı hisslərimizə görə deyil, cəmiyyətin mənəvi dəyərlərinə söykənən vəzifə və məsuliyyət dərkindən yaranıb. Ona görə də cəmiyyətdə ədalətli olmaq çox vaxt sosial vəzifə və qanunları yerinə yetirmək kimi başa düşülür. Beynimizdə zəlzələlərə səbəb olan, bizi hərəkətlərimizdə çıxılmaz vəziyyətə salan, əl-qolumuzu bağlayan, bizi qərarsızlığa sürükləyən vicdan və əxlaqi dəyərlərin ziddiyyəti olmasaydı, fərdi kimlik qazana bilməzdi insanlar. Bu məqamda mən və davamçılarım həmişə var olmalıdır ki, bəşəriyyət də var olsun.

Hər bir körpə doğulduğu andan ninnilər, şəfqət toxunuşları, fədakar davranışlarla tərbiyə olunur, vicdanlı davranmağa alışdırılır, yaxşılığı sevməyə istiqamətləndirilir. Bu davranışlar təhsil, hüquq və tərbiyə yolu ilə hər bir yeni nəslə ötürülür. Bu gün uşaqlar doğulduğu andan sosiallaşırlar. Onlara oxuduğumuz hər layla, şəfqət toxunuşu, sevgi və qoruma hərəkəti də onlara vicdanlı hisslərin zəruriliyini və faydasını öyrədir. Vicdansızlıq və nifrət nümunələri də sosial ideallarla bağlıdır”.

Ağlayanlardan biri əlindən tutdu: “Mənim adım insafdır, sən ölə bilməzsən... Mən nə qədər varamsa sən də var olacaqsan...”

Əxlaq başını sığallayaraq dinlədi: “Dünyada bu qədər müharibələr var. Hər gün sayısız körpə ölür. Sən də ona görə yataqlaa düşmüsən, amma ölməyəcəksən!”

Ədalət dilləndi: “Dünyanı bizik gözləlləşdirən...”

Gülənlərdən zülmət və cəhənnəm isə vicdanın məhv olmağını səbrsizliklə gözləyirdi.

Bu vaxt dəhşətli bir silkələnmə baş verdi. İşıq vicdanın əlindən tutaraq dilləndi: “Sən heç vaxt ölməyəcəksən, ölə bilməzsən, qalx ayağa, insanlığın sənə hələ çox ehtiyacı olacaq”!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR