İpoteka müqavilələrinin sayı artıb

2023-cü ildə Azərbaycanda 81 762 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu, 2022-ci il ilə müqayisədə 8 785 ədəd və yaxud 12 % çoxdur.

İpoteka müqavilələrinin 52 %-i və yaxud 42 484-ü Bakının payına düşüb.

Azərbaycanda ən çox girov qoyulan daşınmaz əmlak mənzildir. Ötən il 45 532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Girov qoyulmuş 81 762 əmlakdan 16 750-si torpaq sahəsi, 11 866-sı isə fərdi yaşayış evi olub.

2023-cü ildə ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 92,9%-i bu üç ərazi idarəsinin payına düşüb. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə Qəbələ, Şamaxı və Şəmkir ərazi idarələridir.

Ötən il girov qoyulmuş fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər Gəncə, Xaçmaz, Bərdə və Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.

Hesabat dövründə ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü Xaçmaz, Bakı və Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə Ucar və Cəlilabad ərazi idarələrinin əhatə etdiyi rayonlardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR