Vaxtilə minlərlə sərnişin daşıyan, milyonlarla dollar dəyərində olan yüzlərlə təyyarə hazırda dünyanın müxtəlif ölkələrindəki xüsusi saxlama meydançalarında hərəkətsiz vəziyyətdədir. Sərnişin və hərbi təyyarələrin toplandığı bu ərazilər aviasiyanın nəhəng “təyyarə qəbiristanlıqları” kimi tanınır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, belə məkanların ən böyüklərindən biri ABŞ-nin Arizona ştatındakı Devis-Montan hərbi hava bazasıdır. Burada minlərlə hərbi təyyarə və hava vasitəsi quraq səhra iqliminin yaratdığı əlverişli şərait sayəsində saxlanılır. Kaliforniyadakı Mojave və Viktorvil hava limanları da istismardan çıxarılan iri sərnişin təyyarələrinin toplandığı əsas mərkəzlərdəndir.

Oxşar ərazilər İspaniya, Avstraliya, Fransa və Böyük Britaniyada da mövcuddur. İspaniyanın Teruel hava limanı və Avstraliyanın Elis-Sprinqs saxlama məntəqəsi uzun müddət istifadə edilməyən təyyarələrin qorunması üçün əhəmiyyətli mərkəzlər hesab olunur.

Nəşrin yazdığına görə, bu təyyarələrin hamısı birdəfəlik istifadədən çıxarılmır. Onların bir qismi yenidən uçuşlara qaytarılmaq üçün saxlanılır, digərləri isə ehtiyat hissələri əldə etmək və təkrar emal məqsədilə sökülür. Bəzi hava gəmilərinin taleyi isə uzun müddət bu meydançalarda gözləmək olur. Həmin təyyarələrin çoxu tədricən çürüyərək yarasız vəziyyətə duşür.