Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana qarşı yeni hərbi hücumun regionda münaqişəni daha da genişləndirə biləcəyi barədə xəbərdarlıq edib. O, problemin həlli üçün diplomatiya və dialoqun vacibliyini vurğulayıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Hakan Fidan İstanbulda keçirilən R4+E3 formatlı xarici işlər nazirlərinin görüşündən sonra açıqlama verib.
Türkiyəli nazir bildirib ki, görüşdə iştirak edən ölkələr Yaxın Şərqdə müharibənin daha da genişlənməsinin qarşısının alınmasının və atəşkəsə nail olunmasının vacibliyi barədə ortaq mövqe nümayiş etdiriblər.
Nazirin sözlərinə görə, İrana qarşı yeni hücum regionda müharibə və qarşıdurmanı yenidən alovlandıracaq. O qeyd edib ki, hərbi müdaxilə problemin həlli yolu deyil və tərəflər bunun əvəzinə diplomatiyaya üstünlük verməlidirlər.
Fidan vurğulayıb ki, Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, İtaliya, Böyük Britaniya, Almaniya və Fransanın nümayəndələri münaqişələrin dayandırılması və beynəlxalq səviyyədə dialoqun gücləndirilməsi istiqamətində eyni mesajın verilməsinin tərəfdarıdırlar.
Türkiyəli diplomat Hörmüz boğazının mümkün qədər tez açılmasının vacibliyinə də diqqət çəkib. Onun sözlərinə görə, boğazda yaranan problemlər beynəlxalq bazarlara və enerji qiymətlərinə mənfi təsir göstərir.
Fidan Rusiya-Ukrayna müharibəsinə də toxunaraq, mümkün qədər tez atəşkəsə nail olunmasının və davamlı sülh razılaşmasının əldə edilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, müharibənin davam etdiyi şəraitdə Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin olunması üçün də addımlar atılmalıdır.
Nazir, həmçinin enerji və taxıl tədarükünün beynəlxalq bazarlara çatdırılmasının əhəmiyyətini vurğulayaraq, münaqişələrin qlobal iqtisadiyyata təsirlərinin azaldılması üçün tərəfləri əməkdaşlığa çağırıb.
Qeyd edək ki, İstanbulda keçirilən R4+E3 görüşündə Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, İtaliya, Böyük Britaniya, Almaniya və Fransanın nümayəndələri regional təhlükəsizlik məsələlərini, Yaxın Şərqdəki münaqişələri və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.