Dünyanın müxtəlif ölkələrində həftəlik iş saatları fərqlənir. Bəzi ölkələrdə bu göstərici 30 saatdan aşağıdır.
Metbuat.az xəbər verir ki, “Clockify” şirkəti Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsaslanaraq həftəlik iş saatlarının ən az olduğu ölkələrin siyahısını hazırlayıb.
Siyahıda ilk yeri Yəmən tutub. Bu ölkədə həftəlik orta iş vaxtı 22,95 saatdır. Niderland 26,57 saatla ikinci, Norveç isə 26,58 saatla üçüncü yerdə qərarlaşıb.
İlk onluqda, həmçinin Suriya 27,90 saat, Vanuatu 28,31 saat, Danimarka 28,91 saat, Finlandiya 29,10 saat, Avstriya 29,15 saat, İsveç 29,20 saat və Ruanda 29,30 saatla yer alıb.
Hesabatda qeyd olunur ki, Yəməndə iş saatlarının az olması ölkədə uzun müddətdir davam edən münaqişə və iqtisadi qeyri-sabitliklə əlaqəlidir. Niderland və Norveçdə isə qısa iş həftəsi əsasən yarımştat məşğulluğun geniş yayılması ilə izah olunur.