Rusiyanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Darçiyev 66 yaşında vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, diplomat noyabrın 11-də, ömrünün 67-ci ilində qəfil dünyasını dəyişib.
“Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli diplomat, təcrübəli rəhbər, dəyərli həmkar və müəllim Aleksandr Darçiyevin vəfatını dərin hüznlə bildirir”, – deyə məlumatda qeyd olunub.
Rusiya XİN Darçiyevi yüksək peşəkarlığa malik diplomat və Amerika üzrə təcrübəli mütəxəssis kimi xarakterizə edib.
Bildirilib ki, Aleksandr Darçiyev Rusiya xarici siyasətinin ən məsuliyyətli istiqamətlərindən birində fəaliyyət göstərib.
Qeyd edək ki, Aleksandr Darçiyev 1992-ci ildən Rusiya Xarici İşlər Nazirliyi sistemində çalışıb. O, müxtəlif illərdə nazirliyin mərkəzi aparatında və xarici diplomatik nümayəndəliklərdə mühüm vəzifələr tutub.
Diplomat Şimali Amerika Departamentinin direktor müavini, Rusiyanın ABŞ-dəki səfirliyində müşavir-elçi və Şimali Amerika Departamentinin direktoru vəzifələrində işləyib.
2014–2021-ci illərdə Rusiyanın Kanadadakı səfiri olan Darçiyev 2025-ci ilin martından Rusiyanın ABŞ-dəki səfiri vəzifəsini icra edirdi.
Diplomatın qəfil ölümünün səbəbi barədə məlumat verilməyib.