Azərbaycanın Avropa məkanında nüfuzunun göstəricilərindən biri də müxtəlif dövlətlərlə formalaşdırdığı strateji tərəfdaşlıq münasibətləridir. 2025-ci ilin yekunlarına dair açıqlanan məlumatlara əsasən, Azərbaycan Avropa İttifaqına üzv olan 10 dövlətlə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb.
Paralel olaraq, Avropa İttifaqının özü ilə də münasibətlər ardıcıl şəkildə inkişaf etdirilib. Tərəflər arasında əməkdaşlığın hüquqi əsasını 1996-cı il aprelin 22-də imzalanmış və 1999-cu il iyulun 1-də qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. 2018-ci ildə Tərəfdaşlıq Prioritetləri sənədinin qəbul edilməsi əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib.
2022-ci il iyulun 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Bakıda enerji sahəsində Strateji Tərəfdaşlığa dair yeni Anlaşma Memorandumu imzalayıblar. Sənəd Avropaya qaz təchizatının artırılması, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və bərpaolunan enerji sahəsində əməkdaşlığı nəzərdə tutur. Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, ölkəmiz 16 dövlətə təbii qaz tədarük edir, onların 10-u Aİ üzvüdür. 2025-ci ildə Avropa İttifaqına xam neft ixracı 21,1 milyon tonu ötüb. Bu göstəricilər Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu nümayiş etdirir.
Əməkdaşlığın digər mühüm istiqaməti nəqliyyat və regional bağlantılardır. Azərbaycanın coğrafi mövqeyi Avropa ilə Asiya arasında yükdaşımaların və tranzit əlaqələrinin inkişafı baxımından ölkəmizə xüsusi əhəmiyyət qazandırır. Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları bu baxımdan strateji əhəmiyyət daşıyır. 2025-ci ilin oktyabrında Azərbaycanla Avropa Komissiyası arasında ikinci Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun keçirilməsi də bu əməkdaşlığın institusional müstəvidə inkişafının göstəricisidir.
Bütün bu faktlar Azərbaycanın Avropa üçün əhəmiyyətinin yalnız enerji resursları ilə məhdudlaşmadığını göstərir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının inkişafında, regional iqtisadi əməkdaşlıq və yaşıl enerji layihələrində mühüm tərəfdaş kimi çıxış edir. Bu çoxşaxəli münasibətlər Azərbaycanın Avropa iqtisadi məkanı ilə yanaşı, siyasi platformalarındakı rolunun da genişləndiyini nümayiş etdirir.
Azərbaycanın Avropa siyasi platformalarındakı rolunun genişlənməsi Avropa Siyasi Birliyinin (ASB) fəaliyyətindəki iştirakı ilə də təsdiqlənir. Bu platforma Avropa İttifaqına üzv olan və olmayan dövlətləri ümumi siyasi dialoq məkanında birləşdirir. Onu digər beynəlxalq təşkilatlardan fərqləndirən əsas xüsusiyyət formal üzvlük və institusional məhdudiyyətlərə əsaslanmaması, qərarların məcburi xarakter daşımaması və dövlət başçılarına aktual məsələləri birbaşa müzakirə etmək imkanı yaratmasıdır. İldə iki dəfə keçirilən sammitlər təhlükəsizlik, enerji, iqtisadiyyat, nəqliyyat, miqrasiya və regional əməkdaşlıq kimi məsələlərin müzakirəsi üçün geniş imkanlar açır.
Azərbaycanın bu platformada fəal iştirakı ilk növbədə milli maraqların və regional təşəbbüslərin Avropa liderlərinin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin əvvəlki sammitlərdə iştirakı, 2026-cı ilin mayında İrəvanda keçirilən 8-ci sammitə videobağlantı vasitəsilə qoşularaq çıxış etməsi Azərbaycanın Avropa gündəliyində fəal mövqe tutduğunu göstərir. Bu platforma ölkəmizə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, regional sabitlik və Ermənistanla münasibətlərin normallaşdırılması məsələlərində mövqeyini birbaşa təqdim etmək, digər dövlətlərlə siyasi dialoqu genişləndirmək imkanı verir.
2026-cı il noyabrın 12-də Dublində keçirilən 9-cu sammit də Azərbaycan üçün əhəmiyyətli diplomatik platformadır. Təxminən 50 ölkənin liderlərini bir araya gətirən toplantının əsas gündəliyini Avropanın təhlükəsizliyi, iqtisadi rəqabət qabiliyyəti, enerji təminatı və bağlantı məsələləri təşkil edir. Bu mövzular Azərbaycanın Avropa ilə əməkdaşlığının əsas istiqamətləri ilə üst-üstə düşür. Bakı üçün belə toplantılar ölkənin enerji və tranzit potensialını təqdim etmək, Avropa dövlətləri ilə siyasi təmasları genişləndirmək və 2028-ci ildə keçiriləcək sammitin gündəliyinə hazırlıq baxımından əlavə imkanlar yaradır.
Siyasi Birliyinin 12-ci sammitinin 2028-ci ilin mayında Bakıda keçirilməsi qərarı bu əməkdaşlığın yeni mərhələsidir. Prezident İlham Əliyev 2026-cı il mayın 4-də İrəvan sammitindəki çıxışında bildirmişdi ki, Azərbaycanın ev sahibliyi təşəbbüsü əvvəlki görüşlərdə irəli sürülüb və qəbul olunub. Diqqətəlayiq məqam ondan ibarətdir ki, bu təşəbbüs Ermənistan tərəfindən də dəstəklənib. Beləliklə, Bakı sammiti yalnız Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik fəallığının göstəricisi deyil, həm də Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların, sülh və regional əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün mühüm platforma ola bilər.
Sammitin Azərbaycana qazandıracağı əsas üstünlük onlarla Avropa dövlətinin rəhbərini eyni məkanda qəbul edərək siyasi dialoqu daha yüksək səviyyəyə qaldırmaq, iqtisadi və investisiya əməkdaşlığı üçün yeni imkanlar yaratmaqdır. Avropa üçün isə Bakı sammiti Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi, enerji və nəqliyyat təhlükəsizliyinin möhkəmləndirilməsi, eləcə də regionda davamlı sülhün təşviqi baxımından əhəmiyyət daşıyır.
Bütün bunlar göstərir ki, Azərbaycan Avropa ilə münasibətlərini yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də ümumavropa siyasi dialoqunun fəal iştirakçısı kimi inkişaf etdirir. 2028-ci ildə Bakıda keçiriləcək sammit isə bu münasibətlərin siyasi, iqtisadi və regional müstəvidə daha da dərinləşdirilməsi üçün mühüm fürsət olacaq.
Müşfiq Ələsgərli
Mətbuat Şurası İdarə heyətinin üzvü
Media eksperti