Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçisi Rövşən Məmmədovla birlikdə Biləsuvar və Cəlilabad rayon polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı qeyri-insani rəftar və yaxud işgəncə faktı ilə bağlı onlara müraciət edən olmayıb: “Saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Bəzi xırda nöqsanları nəzərə almasaq, hər şey qaydasındadır. Hər hansı neqativ halla qarşılaşmadıq” .