Kaman ifaçısı deyiləndə ilk olaraq o yada düşür. Xalq artisti Azərbaycanda kaman sənətinin məktəbini yaratmışdı. Habil Əliyevin adını eşidərkən onun ifaları ilə yanaşı xoş zarafatları da yada düşür.
Beləliklə, movqe.az saytı kaman ifaçısı Habil Əliyevin dünyasını dəyişməsi ilə bağlı sənət adamları arasında sorğu keçirib. Bəs görəsən, sənət adamları Habil Əliyevi necə xatırlayırlar? Onunla hansı xoş təəssüratları olub?
Xalq artisti Ağaxan Abdullayev: "Habil müəllim çox gözəl ürəyə sahib olan, səmimi, mehriban insan idi. Mən onun oğlu yerindəyəm. O insandan heç bir zaman pislik görməmişəm. Hər zaman kiçik kimi hörmətini saxlamışam. Kaman sənətinin böyük sənətkarı idi. Dünyadan vaxtsız köçməsi məni çox kədərləndirdi. Onun yeri hər zaman görünəcək. Çünki Habil müəllim kaman sənətinin məktəbini yaratmış insandır. Allah rəhmət eləsin!"
Xalq artisti Arif Babayev: "Habil Əliyevlə uzun illər bir yerdə çalışmışıq. El şənliklərində iştirak etmişik. Onun kamançası, sanki, sehirli bir kamançaydı. Onu da sehrli edən onun barmaqları, səsi idi. Onun əsərləri yüz illər keçsə də, daima xalqın dilində əzbər olacaq və sevilərək dinləniləcək. Cismən ölsə də, ruhən daima bizimlə yaşayacaq. Bəzən mənə sual verirlər ki, Habil Əliyevin tələbələri varmı? Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycanda nə qədər kaman ifaçıları var, hamısı onun yolunu gedir və davam etdirir. Baxmayaraq ki, artıq aramızda yoxdur, amma bizim qəlbimizdə daima yaşayacaq. Onun bu qədər uzun illər yaşamasında həyat yoldaşı Şərqiyyə xanımın əvəzsiz rolu var. Qəbri nurla dolsun! "
Əməkdar artist Aybəniz Haşımova: "Habil müəllimi 11 yaşımdan etibarən tanıyıram. O zamanlar ulu öndər Heydər Əliyevin tapşırığıyla musiqi sənətinə yeni gənc ifaçıların gətirilməsiylə bağlı müsabiqə keçirilirdi. Həmin musabiqədə mən də iştirak edirdim və Habil müəllim orada münsiflər heyəti kürsüsündə əyləşmişdi. İllər keçdi və tale elə gətirdi ki, mən də növbəti müsabiqələrin birində Habil Əliyevlə birgə münsiflər heyətinin tərkibində idim. Bu, mənim üçün böyük şərəfdir. Xaraktercə deyə bilərəm ki, o, çox zarafatcıl və optimist bir insanıydı. Eyni zamanda da sənəti üçün daim narahat olan bir insan idi. Cismən yanımızdan ayrılsa da, ruhən daima bizimlə birlikdə yaşayacaq. Onun vəfatıyla Azərbaycan mədəniyyəti çox ağır itkiylə üzləşdi. Ancaq fəxrlə deyə bilərik ki, Azərbaycan torpağının Habil Əliyev kimi sənətkarı var. Allah rəhmət eləsin! "
Əməkdar artist Baloğlan Əşrəfov: "Habil Əliyev çox gözəl, səmimi bir insan idi. Mən onun "Bulaq başında" adlı mahnısını da ifa etmişəm. Bir sözlə, deyə bilərəm ki, Habil Əliyev türk dünyasının böyük sənətkarıydı. Allah rəhmət eləsin! "
Xalq artisti Canəli Əkbərov: "Habil Əliyevlə 1963-cü ildən etibarən dostluq etmişəm. O, həm gözəl insan, həm yaxşı dost, həm də sənətinin vurğunu olan bir sənətkarıydı. Sənətinin gözəlliyi, vurğunu olması, işlətdiyi cümlələrin məntiqliliyi onu xalqın gözündə yüksəltdi və sevdirdi. Sağlığında bütləşdi və özü öz heykəlini xalqın qəlbində ucaltdı. Yeganə sənətçilərdən biriydi ki, o cənab Prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın nəzarətinə götürülmüş və diqqətinə layiq görülmüşdü. Əlimizdən rəhmət oxumaqdan başqa heçnə gəlmir. Allah rəhmət eləsin! "
Xalq artisti Flora Kərimova: "Onun sənətini tərifləməyə ehtiyac yoxdur. Çünki sənəti onun adı, qiyməti isə kamançasıydı. Bir insan kimi deyə bilərəm ki, gülərüz, zarafatcıl insan idi. Amma etdiyi zarafatlar məntiqli olduğuna görə insanı düşünməyə vadar edirdi. Onun hər bir sözü tərbiyəvi və həyat dərsiydi. Düşünürəm ki, Allah onu cənnətlə mükafatlandıracaq. Allah rəhmət eləsin! "
Milli.Az