İtaliyanın Liqnano şəhərində yeniyetmə və gənc cüdoçular arasında beynəlxalq turnir düzənlənib.

Bu yarışda azərbaycanlı tatami ustaları da çıxış ediblər. İdmançılarımız ev sahibləri ilə yanaşı, Çernoqoriya, Sloveniya, Xorvatiya, Bosniya, Avstriya, Albaniya, İsveçrə, Meksika, Yunanıstan və Serbiyadan olan rəqibləri ilə mübarizə aparıblar. Turnirdə, ümumilikdə, 1000-ə yaxın cüdoçu iştirak edib.

Kəpəz TV (Region TV) xəbər verir ki, yarışda respublikamızdan yalnız 1 tatami ustası, Gəncə cüdo məktəbinin yetirməsi İlkin Babazadə fərqlənməyi bacarıb. "Neftçi" İdman Sağlamlıq Mərkəzinin üzvü 66 kq-da tatami üzərinə çıxıb. O, bürünc medalı boynundan asıb. Azərbaycan idmanının gələcək vəd edən cüdoçularından hesab olunan İlkin Babazadə bundan öncə də bir sıra yarışların qalibi və mükafatçısı olub.

Cüdoçu Çexiya, Almaniya və Ukraynada keçirilən avropa kuboklarının, həmçinin qitə birinciliyinin və Asiya oyunlarının qalibi adını qazanıb.

Milli.Az