Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Serbiya Respublikası Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, gələcək əlaqələrin qurulmasından bəhs olunub.
Həmçinin Azərbaycan ilə Serbiya arasında turist mübadiləsinin artırılması istiqamətində bir sıra addımların atılması müzakirə edilib, nazir Ə.Qarayev bu sahədə kompleks tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Görüşdə iki ölkənin turizm şirkətləri və media nümayəndələri üçün qarşılıqlı infoturların təşkili, Serbiya tərəfindən Azərbaycan vətəndaşları üçün vizanın ləğv edilməsi məsələsinə də toxunulub. Nazir, həmçinin bu istiqamətdə uğurlu nəticələrin əldə edilməsi məqsədilə Azərbaycanda hər il keçirilən AİTF beynəlxalq turizm sərgisi haqqında məlumat verib, qarşı tərəfin həmin sərgidə iştirakının müsbət nəticələrə səbəb olacağını söyləyib.
Serbiyalı nazir təklifi yüksək dəyərtləndirərək sərgidə Serbiyanın Çernoqoriya ilə birlikdə iştirakının mümkünlüyünü qeyd edib. Qonaq, həmçinin Serbiyada da fevralda keçiriləcək beynəlxalq turizm sərgisində Azərbaycan tərəfinin təmsil olunmasını arzulayıb. Sərgilərdə turizm şirkətləri arasında əlaqələrin qurulmasının əhəmiyyətindən də bəhs olunub.
Ə.Qarayev turizm təhsili sahəsində əməkdaşlıq məsələlərindən də söhbət açıb, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün təcrübə mübadiləsinin təşkili ilə bağlı fikir bildirib.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində də uğurlu işlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Ə.Qarayev iki ölkənin musiqiçilərinin festivallarda qarşılıqlı iştirakını təklif edib. Nazir Bakıda təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumu və apreldə keçiriləcək Qlobal Forum haqqında məlumat verib, Serbiya nümayəndə heyətini həmin tədbirə dəvət edib.
Sonda iki ölkə arasında sərgilər çərçivəsində əməkdaşlıq müqavilələrinin imzalanması və illik fəaliyyət planlarının tərtib olunmasına dair razılıq əldə edilib.
Qeyd edək ki, Serbiya nümayəndə heyəti Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etmək üçün Bakıya gəlib. Azərbaycan tərəfindən Komissiyanın iclasında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edib.