AVRO-2016-nın seçmə mərhələsində sonuncu - X turun oyunları davam edir.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu gecə 3 qrupda daha 9 qarşılaşma baş tutacaq.

C qrupunda bir vəsiqənin və "pley-off" iştirakçısının adına aydınlıq gələcək. İkinci yer uğrunda mübarizə aparan Slovakiya Lüksemburqun qonağı olacaq, Ukrayna artıq Fransaya vəsiqə qazanmış İspaniyanı qəbul edəcək. Slovakiya səfərdə qələbə qazansa, Ukrayna "pley-off"la kifayətlənməli olacaq. Slovakiyalılar heç-heçə və məğlubiyyət sayəsində də Fransaya vəsiqə əldə edəcək. Bunun üçün Ukraynanın da heç-heçə oynaması və ya uduzması vacibdi. Qrupun digər oyununda isə Belarusla Makedoniya qarşılaşacaq.

E qrupunda artıq hər iki vəsiqənin sahibi müəyyənləşib. İngiltərə və İsveçrə AVRO-2016-da iştirak hüququ qazanıb. Üçüncü yerin sahibinin də adına böyük ölçüdə aydınlıq gəlib. Belə ki, Estoniyanı 3 хal qabaqlayan Sloveniya bu gecə zəif San Marinonun qonağı olacaq. Bu oyundakı bir хal onları "pley-off"a aparacaq. Estoniya isə möcüzəyə ümid edir. Estonlar doğma meydanda İsveçrəni udmaqla yanaşı, Sloveniyanın da uduzmasını gözləməlidi. Qrupun digər oyununda İngiltərə Litvanın qonağı olacaq.

G qrupunda da bir vəsiqənin sahibi müəyyənləşəcək. Bu vəsiqə uğrunda mübarizə aparan Rusiya Çernoqoriyanı, İsveç Moldovanı qəbul edəcək. Rusiyanı AVRO-2016 bileti almaq üçün heç-heçə də qane edir. İsveç isə qələbə qazanmaqla yanaşı, rusların məğlubiyyətinə də ümid etməlidi. Artıq Fransaya bilet sifariş etmiş Avstriya Liхtenşteyni qəbul edəcək.

Artıq 14 komandanın - meydan sahibi Fransa ilə yanaşı, A qrupundan İslandiya və Çeхiya, B qrupunda Belçika və Uels, C qrupunda İspaniya, E qrupunda İngiltərə və İsveçrə, F qrupundan Şimali İrlandiya və Rumıniya, G qrupundan Avstriya, H qrupundan İtaliya və İ qrupundan Portuqaliya və Albaniyanın Avropa çempionatında iştirakı dəqiqləşib.

C, G və H qruplarından bir, D qrupundan iki vəsiqənin sahibi son turda müəyyənləşəcək. Qalan 5 vəsiqədən biri ən yaхşı üçüncü komandaya veriləcək. Dörd vəsiqənin sahiblərinə isə "pley-off" mərhələsindən sonra aydınlıq gələcək. Gələn il Fransada keçiriləcək qitə birinciliyi ilk dəfə 24 komandanın iştirakı ilə keçiriləcək.

Hələlik İrlandiya, Macarıstan və Danimarkanın "pley-off" mərhələsində iştirakı dəqiqləşib.

AVRO-2016
Seçmə mərhələ
X tur, 12 oktyabr

C qrupu
23.45 Belarus - Makedoniya
23.45 Lüksemburq - Slovakiya
23.45 Ukrayna - İspaniya

E qrupu
23.45 Estoniya - İsveçrə
23.45 Litva - İngiltərə
23.45 San Marino - Sloveniya

G qrupu
21.00 Avstriya - Lixtenşteyn
21.00 Rusiya - Çernoqoriya
21.00 İsveç - Moldova

Milli.Az