Dollarla kredit götürənlərin aqibəti....

Dollarla kredit götürənlərin aqibəti....
16:41 21 Dekabr 2015
696 Digər
Ölkə mətbuatı
A- A+

Dolların manata nəzərən yenidən bahalaşması ölkədə bu xarici valyuta ilə kredit götürən vətəndaşları çətin vəziyyətə salıb.

ANS PRESS-in məlumatına görə, dolların məzənnəsinin 1, 05-dən 1,55 manata yüksəlməsi dollarla kredit götürənlərin aylıq ödənişlərinin də xeyli yüksəlməsinə səbəb olacaq ki, bu da əmək haqqını və ya gəlirini manatla qazanan bir çoxlarını çıxılmaz duruma sala bilər. Ölkədəki son iqtisadi prosesləri narahatlıqla izləyən iqtisadçılar da hesab edir ki, hökumət belə vəziyyətdə vətəndaşların halını düşünərək, müəyyən addımlar atmalıdır.

Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Mərkəzi Bank mütləq mövcud vəziyyəti nəzərə alaraq bu vəziyyətə müdaxilə etməlidir. Onun sözlərinə görə, vacib addımlarından biri güzəşt müddətinin təyin edilməsidir:

“Məzənnə dəyişikliyindən sonra vətəndaşlar üçün yaranmış fərqin müəyyən hissəsi kompensasiya edilə bilər. Bunu hökumət indiki vəziyyətdə mütləq nəzərə almalıdır. Əks halda bu, vətəndaşların ödəmə qabiliyyətini zəiflədəcək ki, bu da sonda bankların işinə mənfi təsir edəcək”.



O, hesab edir ki, əgər krediti dollarla olan vətəndaşlarla bağlı konkret güzəştlər tətbiq olunmasa, bu halda ölkə üzrə problemli kreditlərin həcmi 2 milyard manata yüksələ bilər.


Vüqar Bayramov - İqtisadçı

Millət vəkili Zahid Oruc da ölkədə baş verən 2-ci devalvasiyanın əhalinin əsasən dollarla kredit götürən hissəsinə mənfi təsir edəcəyi qənaətindədir. Onun sözlərinə görə, ilin əvvəlində baş verən devalvasiyadan fərqli olaraq, bu dəfə konkret indeksləşdirmə baş verməyəcəksə, problemli kreditlərin sayı ölkə üçün təhlükəli səviyyəyə çatacaq.

“Problemli kreditlər hökumətlə banklar arasında həll olunmalıdır, eyni zamanda vətəndaşlar üçün artan rəqəmlərdə də güzəşt edilməlidir. Bu, həm vətəndaşların, həm də bankların durumlarını nisbətən normallaşdırmağa yönələn addım olar”.

Millət vəkili belə vəziyyətin dolayısı ilə manatla kredit götürənlərə, eləcə də ümumi əhaliyə təsirinin mümkünlüyü də diqqətə çatdırdı. Onun fikrincə, belə halda iqtisadi qanunların cərəyanı yalnız bir qrupa deyil, ümumən ölkə əhalisinə zərər yetirir.


Zahid Oruc - Millət vəkili


“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyidən də hesab edirlər ki, yaranmış vəziyyətin vətəndaşlarımız üçün az ağrılı olması üçün Hökumət və Mərkəzi Bank tərəfindən bir sıra addımların atılması zəruridir. Məsələn, hökumət gömrük və vergi sahəsində yumşaldıcı tədbirlərin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmalıdır. Mərkəzi Bank isə dollarla kredit öhdəliyi olan vətəndaşların vəziyyətinin yüngülləşdirilməsi məqsədilə banklara xüsusi tövsiyyələr paketı hazırlayıb göndərməli və onların icrasını ciddi nəzarətdə saxlamalıdır.

Devalvasiya baş verərkən kredit götürən vətəndaşlara tətbiq edilən güzəştlərə gəlincə, bəzi xarici ölkələrin, o cümlədən qonşu Rusiyanın təcrübəsindən faydalanmaq olar. Şimal qonşumuzun təcrübəsində görmək olar ki, ilk növbədə kreditin verilməsində güzəşt müddətinin artırılması tətbiq olunur. Rusiyada bu müddət 5 ilə qədər müəyyənləşdirilir ki, həmin vaxt ərzində kredit götürənin maliyyə durumu stabilləşsin.

Ölkəmizdə isə devalvasiya zamanı yaranan belə hallarda vətəndaşla bank arasında münasibətlər Mülki Məcəllə və kredit alanla bağlanılmış müqavilə ilə tənzimlənir. Əgər müqavilədə borcun məzənnə dəyişikliyi baş verərsə, yeni məzənnə ilə ödəniləcəyi barədə bir maddə nəzərdə tutulmayıbsa, borc kredit götürülən zaman mövcud olmuş məzənnə ilə ödənilməlidir. Müqavilədə borcun ödənişlər həyata keçirilən zaman mövcud olan məzənnə ilə ödənilməsi barədə maddə varsa, təbii ki, borc yeni məzənnə ilə icra edilməlidir.

Dollarla kredit götürənlər bunu nəzərə alıb öz banklarına müqavilənin şərtlərinə yenidən baxılmasına dair yazılı müraciət edə bilər. Bu problemin həllində banklar özü də maraqlıdır. Çünki ki, yüksək faizlə verdikləri kreditə yeni məzənnə fərqindən yaranmış xərcləri də əlavə etdikdə əksər müştərilər banklar qarşısında öz öhdəliklərini vaxtında və tam yerinə yetirə bilməyəcəklər. Bu isə vaxtı keçmiş borcların artmasına və öz növbəsində bankların maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR