Torpaqlarımızın işğalı nəticəsində ölkəmizə 818 milyard dollardan çox ziyan dəyib

Torpaqlarımızın işğalı nəticəsində ölkəmizə 818 milyard dollardan çox ziyan dəyib
20:18 14 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Ermənistan ordusu tərəfindən torpaqlarımızın işğalı nəticəsində ölkəmizə 818 milyard dollardan çox ziyan dəyib.
Bu barədə Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun Dövlət İqtisad Universitetində keçirdiyi seminarda bildirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə tətbiq olunan metodologiya müzakirə edilib.
Universitetin rektoru, professor Ədalət Muradov mövzunun aktuallığından danışıb. Bildirilib ki, işğal nəticəsində xalqımız çox böyük maddi ziyana məruz qalsa da, mənəvi itkilərimizin dəyərini hesablamaq mümkün deyil.
İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı “Faciələrimizin təqvimi üzrə itki və tələfatlarımızın qiymətləndirilməsi üzrə metodologiyanın şərhi” mövzusunda çıxış edib. Bildirilib ki, İşçi Qrupunun bu günədək apardığı hesablamalara əsasən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizə ümumilikdə 818 milyard dollardan çox ziyan vurulub. Son iki əsrdə ermənilər və onların havadarları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü etnik təmizləmə aparılıb. XX əsrdə azərbaycanlılar dörd dəfə soyqırımına, habelə təqib və deportasiyalara məruz qalıb, tarixi torpaqlarından didərgin salınıblar. İşçi Qrupu tərəfindən ölkəmizin əqli mülkiyyətinə, tarix və mədəniyyət abidələrinə, mülki əhaliyə vurulan birbaşa zərərlərin miqdarı müəyyənləşdirilir, dəymiş ziyanın hesablanması istiqamətində işlər davam etdirir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Torpaqlarimizin_isgali_neticesinde_olkemize_818_milyard_dollardan_chox_ziyan_deyib-918555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR