Bakı, 16 fevral, AzərTAc
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə keçiriləcək IV Beynəlxalq Muğam Festivalına hazırlıqla əlaqədar silsilə tədbirlər keçirir.
ADMİU-dan AzərTAc-a bildiriblər ki, bu tədbirlərə muğamşünaslıqla bağlı elmi seminarlar, yaradıcı işlər, ustad dərsləri daxildir.
Festival ərəfəsində hər həftə ardıcıl olaraq Azərbaycanın yeddi əsas muğam dəsgahının ADMİU-nun müəllim və tələbələrinin ifasında muğamsevərlərə təqdim edilməsi nəzərdə tutulub. Silsilə muğam tədbirləri “Rast” dəsgahının təqdimatı ilə başlanıb.
Tədbirdə əvvəlcə muğam sənəti kafedrasının müdiri, xalq artisti, professor Canəli Əkbərov “Rast” dəsgahı haqqında tarixi və nəzəri məlumat verib. Sonra əməkdar artistlər Bəsti Sevdiyeva, Zakir Əliyev, muğam sənəti və xalq çalğı alətləri ifaçılığı kafedrasının tələbələri “Rast” dəsgahını ifa ediblər.
Növbəti həftələrdə isə xalq artistləri Mələkxanım Əyyubova, Gülyanaq Məmmədova, Simarə İmanova, əməkdar artistlər Teyyub Aslanov, Ruzə İbişova və tələbələrin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, musiqi sənəti fakültəsinin muğam sənəti və xalq çalğı alətləri ifaçılığı kafedrasının müəllim və tələbələrinin iştirakı ilə keçirilən silsilə tədbirlər festival başlayanadək davam edəcək.