Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 26-dan başlayaraq Azərbaycan multikulturalizmi fənninin Bolqarıstan Respublikasının Müqəddəs Kliment Oxridski adına Sofia Universitetində tədrisinə başlanıb. Mart ayından etibarən bu fənnin daha üç ölkədə, İtaliya Respublikasının La Sapienza Universitetində, Çexiya Respublikasının Karlov Universitetində və Gürcüstan Respublikasının Tbilisi Dövlət Universitetində tədrisinə start veriləcəkdir.
Multikulturalizm bir sıra dünya dövlətlərində iflasa uğradığı bir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti elan edib. Ölkəmizdə bu siyasət uğurla həyata keçirilməkdədir və bu sahədə əldə edilən nailiyyətlər beynəlxalq səviyyələrdə də etiraf olunur. Biz öz çoxəsrlik təcrübəmizi bu gün dünya ilə bölüşməyə hazırıq. Bizimlə bu istiqamətdə əməkdaşlığa həm xarici universitetlərdə, həm də bir çox xarici qurum və təşkilatlarda böyük həvəs və maraq var. İlk addımlar artıq atılır. Yaxın gələcəkdə təmas nöqtələrinin sayı artacaq və tədrisin coğrafiyası genişlənəcəkdir.