Səhər saat 4, Moskvanın mərkəzi, Kremlin yanı. Burada açılan 4 atəş Rusiya müxalifətinin ən parlaq simvolunu, faktiki lider olan insanı öldürdü. 4 güllə Rusiyada bundan sonrakı siyasi hadisələrin cərəyanını dəyişdi.
Artıq heç nə əvvəlki kimi olmayacaq.
Həmişə və hər yerdə olduğu kimi, bu dəfə də qətldən yararlanmaq istəyənlər çoxdur.
Elə qətl yerindəcə, Nemtsovun qanının çəkilmədiyi səkidə duran yastı-yapalaq, gözlərində cinlərin qumar oynadıqları adamlar əllərində tutduqları karton parçalarına "Növbəti - mənəm!" yazmışdılar.
O kartonları da qətl yerindəki kameraların gözlərinə dürtürdülər.
Əxlaqı normal, mənəviyyatı eybəcər olmayanlar isə nə mitinq fikrindəydilər, nə də yürüş.
Boris Yefimoviç Nemtsov mənsub olduğu müxalifət düşərgəsində liderlik iddiasındakı adamların hamısından fərqli şəxsdi.
Şəxsiyyətdi.


Döyüşkən, qətiyyətli, emosional, mübariz, həbsxanalara düşən ən fərqli adamların hüquqlarını müdafiə edən, əvvəl Çeçenistan, sonra da Ukraynadakı müharibəyə qarşı çıxan bir siyasətçi.
Onun qətli Rusiya və rusiyalılar üçün böyük itkidir. Sanki, hava qaraldı, alatoran başlandı, zülmət çökməyə başlandı.
Daha darıxdırıcı, primitiv, sadələşmiş bir yaşam başlandı, sanki.
Nemtsovun qətlindən sonra bu məcburi ölümün səbəbləri ilə bağlı versiyalar savaşı alovlanıb. Fərqli versiyalar var. Hamı danışır, yazır, iddia edir və ortaya atılan versiyalar fırlanır, fırlanır, sonra hər şey yerinə qayıdır.
Əsas sualasa cavab yox.
Boris Nemtsovun qətli kimə sərfəli idi və onun ölümünü kim sifariş etdi?
Rusiya prezidenti Vladimir Putinə? Bir anlıq düşünək, Rusiyadakı radikal müxalifətçilərin kəskin çıxışları və radikalların şizodial bəyanatlarını bir anlıq kənara qoyaq.
Bütün suçlamalar, ittihamların bir məhvəri var: "Putin o qədər böyük Şərdir ki, şər işlər görməsə, dayana bilmir".
Absurd.
Boris Nemtsov Rusiyanın hakimiyyət dairələri üçün əsla ciddi problem deyildi. Onun çıxışları, bəyanatları, araşdırmaları, siyasi fəaliyyəti, kitabları - bir sözlə, "mövcud rejimi ifşa edən" işi kimsənin fəaliyyətini aşkar təhdid etmirdi və sadəcə, cəmiyyəti çoxdan usandırmış, bezdirmiş müxalifət tamaşasına marağın tam ölməsinə imkan verməməyə yönəlmişdi.


Hakimiyyət üçün təhlükəli olmayan, məhdud çərçivəli bir fəaliyyət.
Rusiyanın hakimiyyət dairələri və prezident Vladimir Putin üçün Boris Nemtsovun qətlə yetirilməsi həddən artıq çətin, ağrılı, faciəli bir problemdir.
Heç bir hakimiyyət özünə bəraət qazanmağa başlamağı sevmir. Rəsmi Moskva isə bəraət qazanmağa çalışmasa da, heç olmasa, nəyisə necəsə izah etməyə çalışmalıdır.
"Rusiyada müxalifətçilərə, demokratlara, liberallara qarşı nifrət təbliğatı Nemtsovun qətlinə səbəb oldu" versiyası da yalandır, çünki çox bəsit, ifrat dərəcədə primitivdir.
Liberalların və "demokrat sayılanların özləri indi elə bir nifrət, təhqir, ideoloji rəqiblərinə qarşı yasaqlar, cəzalar çağırışlarından ibarət aşkar yürüşə başlayıblar ki, Rusiyada kütləvi informasiya vasitələrində yer alan heç bir məlumat, reportaj və ya yazı onlarla müqayisə oluna bilməz.


Belə çıxır ki, liberallarla vətənpərvərlər, neodemokratlarla Putini dəstəkləyənlər arasındakı qarşıdurmanın yeni mərhələsi başlanır?
Ola bilər, amma belə deyil.
Ən azı ona görə ki, son illərdə Rusiyada hakimiyyət B.Nemtsova qarşı aqressiv, sərt mövqe tutmamışdı. Ən yaxşı halda onun adı "Etirazın anatomiyası" adlı silsilə televerilişlərdə xatırlanırdı ki, bu da iqtidar politoloqları və media mənsublarının rituallarının bir parçası idi.
Müxalifətin mənəvi simasının aşkarlanması və "maskaların yırtılması" ayinlərində, təbii ki, Nemtsovun adı çəkilirdi.
İnformasiya axınında. Haradasa Alla Puqaçova ilə Maksim Qalkinin ailə həyatı barədə reportaj, daha sonra "oğul ananı öldürdü, sonra yedi" xəbərlərindən sonra.
Belədirsə, kim və niyə?
Müxalifətçi? İnanmıram, çünki Rusiyanın müxalifət düşərgəsində Şekspir miqyasında belə bədəməl, cəllad yoxdur. Həmin adam siyasi mənfəəti və istəkləri üçün müxalifətin ən parlaq, məşhur və nisbətən vicdanlı liderinin qətlini sifariş verə bilməzdi. Gücü, ağlı, imkanları çatmazdı buna.
Rusiyanın hakimiyyət dairələrində istənilən adama zəng vura bilən, sayğısı böyük olan Nemtsov olmadan ölkə müxalifəti daha marginal, sistemsiz, zəif təsir bağışlayır axı.


Nemtsovun ölümü yalnız savaş məcrasında izah oluna biləcək hadisədir. Savaşda isə əsgər və generallar, siyasətçilər və adi vətəndaşlar yalnız istifadə olunan maddə, müəyyən anda məqsəd üçün qurban veriləsi və verilən fiqurlardır.
Çünki məqsəd bütün vasitələrə haqq qazandırır.
Boris Nemtsov siyasətin subyekti yox, simvolu idi və buna görə də hətta onu dəstəklədiklərini deyənlər üçün təhlükəli olmuşdu.
Simvol insan kimi qəbul olunmur, onun haqqında "yaxşı adamdır, amma neyləmək olar" deyirlər. Simvol insanlıqdan kənarlaşdırılır.
Və sonra da belə adamı simvolik sağ insanlar siyahısından çıxarıb simvolik qurbanlar, simvolik qəhrəmanlar arasına simvolik olaraq keçirirlər.
Savaş da elə budur, cənablar.
Savaşın məqsədi nədir? Asandır - rəqibin məğlubiyyəti, mütəşəkkil zorakılıq vasitəsilə onu sənin şərtlərinin qəbuluna vadar etmək.
ABŞ üçün Boris Nemtsovun qətlə yetirilməsi sırf Moskvaya siyasi təzyiqlərin artırılması baxımından siyasi aktuallıq kəsb edir, vəssalam. Ukrayna iqtidarındakı fiqurların bəzilərinin isteriyası və "Nemtsovu Kiyevi dəstəklədiyinə görə öldürdülər" tipli sərsəm açıqlamalarla müqayisədə Vaşinqtondakı siyasətçilər, Ağ Evdəki fiqurlar soyuqqanlı, hər addımı hesablayan şahmatçılardır.


Nemtsovun qətlə yetirilməsi Ukraynanın rəhbərliyinə sərf edən hadisə deyil.
Ölkədəki ura-patriotlar, radikallar, millətçilərdən fərqli olaraq. Belələri milləti mübarizəyə çağıran, amma çətinliyə düşən kimi aradan çıxıb Qərbə qaçan Getman Skoropadski kimi ən kiçik imkandan məhz öz maraqları üçün yararlanmaq istəyirlər.
Düşünülər ki, rəhm, humanizm, insanlıq olmayan savaşı uğurla başa vurmaq üçün Rusiya və Ukrayna arasında amansız düşmənçiliyə nail olmaq gərəkdir.
Ukraynadakı oliqarxlar Moskvanı yamanlasalar da, anlayırlar ki, Rusiyadakı həmkarları ilə münasibətləri bilmərrə kəsə bilməzlər və kəsməyəcəklər də.
İfrat radikallarla millətçilər üçünsə geriyə yol yoxdur.
Onlar dərk edirlər ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun hakimiyyətdən kənarlaşdırılması, oliqarxların zəiflədilməsi, ölkənin şərqində separatçılarla mübarizənin siyasi alverə döndərilməsi üçün mümkün qədər aqressivləşməlidirlər. Əks təqdirdə Serbiyadakı Arkanlar və Bokanlar kimi məhv ediləcəklər.
Onlar dərk edirlər ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun hakimiyyətdən kənarlaşdırılması, oliqarxların zəiflədilməsi, ölkənin şərqində separatçılarla mübarizənin siyasi alverə döndərilməsi üçün mümkün qədər aqressivləşməlidirlər. Əks təqdirdə Serbiyadakı Arkanlar və Bokanlar kimi məhv ediləcəklər.
Boris Nemtsovun qətli bu qanlı, təhlükəli oyunda qorxunc bir addımdı.


Savaşda siyasətçinin simvola çevrilməsi çox pisdir.
Elçin Alıoğlu
Milli.Az