Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında daha 2 dəst medal öz sahibini tapacaq. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının idmançıları hər 2 çəki dərəcəsində medal sayımızı artırmağa çalışacaqlar.
Kişilər
80 kq
Bu çəki dərəcəsində Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Avropa Oyunlarının qızıl medalçısının ilk rəqibi malili İsmael Koulibali olub. Harçeqaninin son 2 dünya çempionatının finalçısı ilə döyüşü qələbə ilə başa vurub. İlk hissədən üstünlüyü ələ alan təmsilçimiz afrikalını 13:5 hesabı ilə məğlub edib. Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) - Migel Ferrera (Honduras) cütünün qalibi ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 22:45-də başlanacaq.
Qadınlar
67 kq
Bu çəkidə Azərbaycanı təmsil edən Fəridə Əzizovanın da ilk döyüşü 1/8 finala təsadüf edəcək. Dünya və Avropa çempionatlarının bürünc, Avropa Oyunlarının gümüş mükafatçısı ABŞ təmsilçisi Peyc Makferson gücünü yoxlayacaq. Həmyerlimizin dünya çempionatının və London Olimpiadasının 3-cüsü ilə qarşılaşması saat 18:30-da start götürəcək.
Fəridə bu rəqibini keçəcəyi halda 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) - Elin Yohansson (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Rioya tam heyətlə yollanan taekvondo komandamızın heyətində hələlik Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxıb. O, yarışı bürünc medalla başa vurub. Yığmamızın digər üzvü Radik İsayev (+80 kq) isə sabah mübarizəyə qoşulacaq.
Fanat.Az