Xalq artisti: "Onlar 170 milyon qazanır, biz borclu qalırıq"

Xalq artisti: "Onlar 170 milyon qazanır, biz borclu qalırıq"
17:27 6 Noyabr 2016
258 Şou
Ölkə mətbuatı
A- A+

"Forbes" jurnalı musiqi dünyasında 2016-cı ildə ən çox qazanan qadınların adlarını açıqlayıb. "İlin ən çox qazanan müğənnisi" 26 yaşlı amerikalı müğənni Taylor Swift olub.  
Madonna, Rihanna, Beyons, Cennifer Lopez, Britney Spears kimi məşhurları geridə qoyan müğənni 2016-cı ildə 170 milyon dollar qazanıb. Siyahıda ikinci sırada 80.5 milyonluq qazancla Adel yer alıb. Adeli 76.5 milyonla Madonna, 75 milyonla Rihanna, 54 milyon dollar qazancla da Beyons izləyib. 

Bəs, son həftələrini yaşadığımız 2016-cı ildə azərbaycanlı qadın müğənnilər nə qədər qazanc əldə edib? Qazandıqları məbləğ onları qane edirmi?

Milli.Az xəbər verir ki, musavat.com şou-biznesin tanınmış xanım müğənnilər arasında sorğu keçirib. 

Xalq artisti Gülyanaq Məmmədova bildirib ki, yerli müğənnilər nə albomdan, nə də konsertdən qazanc əldə edə bilirlər: "O xanımın 170 milyon qazandığı açıqlanıb. Onu görüb gərək biz ağzımızı açmayaq. Bizim nə konsertdən gəlirimiz var, nə albomdan. Konsert veririk, səhnə dekorasiyası, salonun kirayəsi, musiqiçilər, geyimlər qazanılan məbləğ ilə başa-baş gəlir. Müğənniyə isə konsertdən pul qalmır, bəzən sənətçi konsertdən borcla çıxır. Konsert verəndə qonorar alacağımızı düşünmürük. Dövlətdən aldığımız maaşı sənətimizə xərcləyirik, toylardan qazandığımız pul ilə isə gündəlik xərclərimizi ödəyirik. Səhnə üçün geyim və makiyajı da toydan qazandığımızla edirik. Ona da Vergilər Nazirliyi imkan vermir".

Müğənni Sevda Sanalıyeva isə hamiləliyinə görə bu il çalışmadığını dilə gətirib: "2016-cı ildə demək olar ki, işləməmişəm. Çünki ana olmağa hazırlaşırdım. Bu il ərzində demək olar ki, 10 dəfə səhnəyə çıxmışam. Hamiləliyin ilk iki ayı işlədim, sonra hamiləliyim ağır keçdi deyə evdən çıxmadım. Çətin günləri xatırlamaq istəmirəm. Bizim müğənnilərin qazancını xaricilərlə müqayisə etmək düzgün deyil. Biz 170 milyon qazanmırıq. Bizim maddi qazancımız onlarınkının yanında qarışqa kimi qalır". 

Müğənni Aysel Əlizadə bildirib ki, milyonlar qazanmasa da, qazancı onu qane edir: "Biz balaca ölkədə yaşayırıq, qazancımız da buraya uyğundur. Albomdan, konsertdən, mahnıdan milyonlar qazanmırıq. Amma durumumdan narahat deyiləm. Qazandığım məbləğ məni qane edir. El şənlikləri və mərasimlərə gedirəm. Oradan qazandığım sənətimə sərf olunur. Şükür Allaha ki, dolanışığımdan narazı deyiləm". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/486830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR