“Qırmızı bağ” filmi Avstriyanın Beynəlxalq Film Festivalına dəvət alıb

“Qırmızı bağ” filmi Avstriyanın Beynəlxalq Film Festivalına dəvət alıb
19:57 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ “Qırmızı bağ” bədii filmi Avstriyanın LET’S CEE Beynəlxalq Film Festivalının “İddialı debüt” müsabiqə proqramına dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından “Report”a verilən məlumata görə, festival 21-27 mart tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli “Qırmızı bağ”ın Avstriya təqdimatında iştirak edəcək.
Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.
Qeyd edək ki, film Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın 65-ci Mannheim-Heidelberg, Misirin 38-ci Qahirə, Türkiyənin 5-ci “Van gölü”, Banqladeşin 15-ci Dəkkə və Bolqarıstanın 9-cu “Sofia MENAR” Beynəlxalq Film Festivallarında iştirak edib. Azərbaycan, Bakıda keçirilən 7-ci Avropa Film Festivalında “Qırmızı bağ” filmi ilə təmsil olunub.
Ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).
Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/qirmizi-bag-filmi-avstriyanin-beynelxalq-film-festivalina-devet-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR