Əməkdar artist Elza Seyidcahanın Milli.Az-a müsahibəsi.

- Elza xanım, yaradıcılığınız çoxşaxəlidir. Həm müğənnisiz, həm şeir yazırsız, həm də mahnı bəstələyirsiz. Yaradıcı insanları çox vaxt başa düşmürlər. Bəlkə də öz dünyanız var deyə sizi başa düşmürlər. Elza Seyidcahan öz dünyasında necə biridir?

- Siz elə bilirsiz ki, mən hamını başa düşürəm? Mən özüm də bir çox insanları başa düşmürəm. Hamı elədir. Kimsə məni başa düşməyəndə mən onu qınamıram. Fikirləşirəm ki, onun da öz aləmi var.

- Özünüzü daha çox bəstəkar, yoxsa şairə hesab edirsiniz?

- Mən 7-8 yaşlarımdan şeir yazmağa başlamışam. İlk şeirimi də anam üçün yazmışdım. Böyüyəndən sonra həmin şeirə əlavələr etdim. Buna baxmayaraq mən özümü bəstəkar kimi də görürəm. Əgər mən bəstəkar olmasaydım, müğənni də olmazdım. Nənəm həmişə vəsiyyət edirdi ki, həkim olum.

- Başa düşülməmək sizi qorxutmur ki?

- Əksinə, bu hal məni sevindirir. Mən başa düşülsəydim, daha nə yaradıcı insan idim ki? Nizamiləri, Fizuliləri başa düşüblər ki, məni də başa düşsünlər? Mənim sonuncu şeirim "Deşik-deşik dünyaya" adlanır. Bu şeirdə əsas mövzu kasıbçılıqla zənginlikdir. Bəzi insanlar özlərinə sual verirlər ki, filankəsin çoxlu pulu var, niyə məndə yoxdur? O, çünki sənin kimi israf etmir. Kasıb adam isə görün özünü nə günlərə salır ki, kasıblayır.

- Çərçivələri qırmaqla, əslində, siz nə demək istəyirsiz?

- Mən, əslində, heç bir çərçivəni qırmıram. Mən çərçivələri qıran insanlara da öz narazılığımı bildirirəm. Mən milli ruha, kökə bağlı bir insanam. Nəvəmə istəsəydim, Elza adını qoyardım, amma bunu istəmədim. Əslində, mən özümə fərqli demirəm. O qədər mentalitetimizə xələl gətirənlər var ki...

- Elza xanım, peşman olduğunuz məqamlar var həyatda?

- Mən deməzdim ki, nə vaxtsa peşman olmuşam. Çünki sonrakı peşmançılıq fayda vermir. Bəzən deyirlər ki, mən bilsəyim, filankəslə ailə həyatı qurmazdım. Bu "bilsəydim"lər bizi geriyə aparır.

- Ailə həyatı qurmağınıza görə də peşman deyilsiz?

- Xeyr, buna görə də peşman deyiləm.

- Bəs etmədiyiniz nəsə varmı "kaş onu edərdim" deyirsiz?

- O kaşlar inanıram ki, həmişə olacaq. O "kaş" ları etsəydim, mən indi Elza olmazdım. "Kaş"lar nəyisə düzətmir.

- Sevginin yaşı varmı?

- Məncə, yox. Bu günlərdə bir qız Alla Puqaçovaya sual verib ki, mənim 30 yaşım var, necə oğlana ərə gedim? O isə cavabında deyib ki, o hələ doğulmayıb (gülür). İndi mən də deyirəm ki, mənim aşkım da hələ doğulmayıb (gülür). Gərək bir-iki sualın cavabını Alladan soruşum.

- Olmaya ailə həyatı qurmağa hazırlaşırsız?

- Dahi sənətkarlar üçün təklik hardasa yaxşıdır. Hissim deyir gəl, əqlim deyir yox (gülür).

- Xoşbətsiz?

- Bəli, mən hərtərəfli xoşbəxtəm. Qızlar bulağından su içəndən sevilirəm. Nə analıqda, nə qadınlıqda, nə də bəstəkarlıqda Allah məni monoton yaratmadı. Mənim qadınlığıma bənzəmək istəyənlər var. Bax buna görə xoşbəxtəm. Xoşbəxt o insandır ki, kütləni öz arxasıyca aparır.

- Ömrünüzün hansı fəslindəsiz?

- Mən həyatın 4 fəslindəyəm. Mən yay fəslini də, bahar fəslini də, yazı da, qışı da sevirəm.

Əli Rəhimoğlu
Milli.Az