"Dediklərimə əməl etsələr..." - Rauf Ağayevlə MÜSAHİBƏ / Fotolar

Metbuat.az-da mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Budəfəki müsahibimiz “Azər Türk Bank”ın mətbuat katibi Rauf Ağayevdir.

Metbuat.az Rauf Ağayevlə olan müsahibəni təqdim edir:

- Oxucularımıza özünüz haqqında məlumat verin...

- 1958-ci il sentyabr ayının 2-də Dəvəçi rayonunda doğulmuşam. Orta məktəbi bitirdikdən sonra iki il musiqi məktəbində fortepiano müəllimi işləmişəm. 1976-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşam. Universitetdə diplom rəhbərim “Bakı Баку” qəzetinin baş redaktoru, ictimai xadim Nəsir İmanquliyev idi. Nəsir müəllim o vaxt xaricdə ayaşan azərbaycanlılar üçün çıxan “Vətən səsi” və çoxsəhifəli reklam qəzetinə də rəhbərlik edirdi. O, jurnalistika aləmində əvəzsiz işlər görüb. Nəsir müəllim işgüzar, qəzetçiliyi çox yaxşı bilən insan idi. O, bizim fakültədə müəllim, həm də mənim diplom rəhbərim idi.

Universiteti bitirdikdən sonra jurnalistika fakultəsi üçün təyinat olmadığından dostumla birlikdə Ağacabədiyə getmək qərarına gəldik. Cavan uşaq idim, özüm üçün sanki macəra axtarırdım. Nəsir müəllimin diplomçusu olduğum üçün evlərinə tez-tez gedib gəlirdim. Demək olar ki, hər həftə onlarda idim. Nəsir müəllimin xanımı çox gözəl insan idi – Gövhər xanım. (Nəsir müəllimlə Gövhər xanım Mehriban Əliyevanın ana tərəfdən babası və nənəsidir). Gövhər xanım xətrimi çox istəyirdi. Onlara gələn kimi mənə yemək, çay gətirirdi. Bilirdi ki, tələbəyəm, ac ola bilərəm.

Bir gün yenə onlara gəlmişəm, mətbəxdə oturub yemək yeyirəm. Həmin vaxt Nəsir müəllim gəldi. Gövhər xanıma zarafatla dedi ki, sən gələn kimi bu uşağa yemək verirsən, qoy, bir yazısın oxuyum, bəlkə ona yemək düşməyəcək? (gülür). Ağcabədiyə getmək məsələsi ortaya çıxanda Gövhər xanımla görüşməyə getdim. O, Ağcabədiyə getmək istəməyimin səbəbini soruşdu. Dərhal da soruşdu ki, müəlliminlə görüşmüsən? Nəsir müəllimi nəzərdə tuturdu. Dedim ki, işə düzələndən sonra gəlib görüşəcəm. Dedi ki, indi get, görüş. Mən də getdim “Bakı Баку” qəzetinə. Kabinetinə daxil olanda Nəsir müəllim dedi ki, eşitdim Ağcabədiyə gedirsən. Dedim ki, bəli, dostumla bilrikdə gedirəm. Dedi ki, hə, cəhənnəmə gedən özünə yoldaş axtarar. Burada hansı şöbədə işləmək istəyərsən? Təəccübləndim. Ədəbiyyat və incəsənət şöbəsində,dedim. Ədəbiyyat və İncəsənət şöbəsinin rəhbərini çağırdı və mənə masa verilməsini və hələlik ştatdankənar müxbir işləyəcəyimi bildirdi. Həmin dəqiqə anladım ki, Gövhər xanım məni tapşırıb. Allah hər ikisinə rəhmət etsin. O gündən “Bakı Баку”qəzetində işləməyə başladım. Bir ildən artıq ştatdankənar işlədim. Sonra rusca çıxan “Baku” qəzetində müxbir yeri boşaldı keçdim ora. Qəzetdə rubrika açmışdım. Bakı kəndlərini gəzir, onların mədəniyyət evləri bağlı problemlərini işıqlandırır, tənqidi yazılar hazırlayırdım. Problemləri işıqlandırdığımıza görə Bakı Şəhər Partiya Komitəsindən, Bakı Şəhər Sovetindən Nəsir müəllimə zənglər gəlirdi, iclaslara çağırılırdı. Ona görə, Nəsir müəllim fəaliyyətimdən razı idi. 1981-ci ildən 1988-ci ilə qədər bu qəzetdə çalışdım. Nəsir müəllim pensiyaya çıxandan sonra mən də daxil olmaqla 9 müxbir işdən çıxdıq. Gördük ki, təzə gələn rəhbərin başqa bir idarəetmə sistemi var. Nəsir müəllim nəhəng bir insan idi. Redaksiyaya heç kim təsadüf nəticəsində gəlməmişdi. Nəsir müəllim işçilərin hər birini özü seçir, onların da istədikləri vaxt işdən çıxmalarına imkan vermirdi. Fikirləşdirdi ki, kimsə əsəbiləşib işdən çıxar, sonra da küçədə qalar. Bizə ata kimi idi. İndi fikirləşirəm, elə rəhbər nadir hallarda tapılar.

- “Bakı Баку” qəzetindən sonra hansı işlərdə çalışmısınız?

- Qəzetdən çıxdıqdan sonra dostumla bir moda jurnalı yaratdıq. Azərbaycanda qadın jurnalı “Azərbaycan qadını” idi. O da sırf qadınlara aid deyildi. Fikirləşdik ki, bu boşluqdan istifadə edib, məhz qadınlar üçün jurnal yaradaq. Qadınlar onu yanında gəzdirsin, həvəslə oxusun. Onun içində moda, qədimi yeməklər, uşağa baxmaq kimi maraqlı mövzular, ümumiyyətlə qadına aid nə varsa, hamısı olsun. O zaman qəzet, jurnal təsis etməyə icazə yox idi. Ona görə də, onu dəb toplusu adlandırdıq. Ulyanovskda çap etdirib, çox çətinliklə gətirə bildik. O jurnal çox yaxşı qarşılandı. Azərbaycanda ilk qadın jurnalı idi. Adını da “Arzu” qoyduq.

O vaxt Azərbaycanda cəmi bir jurnalistlər təşkilatı vardı. Cavanlar nəinki ora daxil olmaq, yanından belə keçə bilmirdilər. Bu səbəblə 1991-ci ildə Gənc Jurnalistlər Cəmiyyətini yaratdım və Ədliyyə Nazirliyinin qeydiyyatından keçirdim. Bu, ölkədə ilk müstəqil jurnalist təşkilatı idi. Bu cəmiyyətdə mühüm işlər gördük.

Jurnalistika fakültəsi üçün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist, qrup yoldaşım Alı Mustafayev adına təqaüd təsis etdim.

Daha sonra “Təmas” adında qəzet yaratdıq. O qəzeti məktəblilər formalaşdırırdı. Qəzetin müxbirləri də, baş redaktoru da 6-cı sinifdən 11-ci sinfə qədər hər yaşda olan uşaqlar idi. Bu uşaqları bir araya gətirmək üçün məktəbləri gəzib 20 şagird toplamış, daha sonra onların arasından da 7 şagird seçmişdik. Qəzetin ilk nəşri böyük səs-küyə səbəb oldu. Uşaqlar problemi özlərinin gördükləri şəkildə işıqlandırdıqları üçün çox maraqlı idi. “Təmas” Azərbaycanda ilk uşaq qəzeti olub. 1992-ci ildə nəşr olunmuşdu.

Həmin vaxt qəzet satışında çətinlik yaranmışdı, qəzetlər özlərini dolandıra bilmirdilər. Bu vəziyyətdən çıxmaq barəsində fikirləşməyə başladım və “Reklam, elan, xəbər” qəzetini yaratdım. Qəzet iki rəngdə, 3 dildə nəşr olunurdu və pulsuz paylanırdı. Bir neçə nəfər poçtalyona əl haqqı verib, qəzeti evlərə payladırdım. Qəzet pulsuz olduğu üçün yaxşı reklamlar gəlirdi. Bu, Azərbaycanda ilk pulsuz qəzet idi.

Cəmiyyətdən sonra “Xalq qəzeti”nə dəvət aldım, 4 il orada işlədim. Orada “Xalq qəzeti”nin “Cümə” əlavəsini təsis etdik. Qəzet A3 formatında çıxırdı, 16 səhifəlik, oynaq bir qəzet idi. Yəni, orada siyasi materiallar yox idi. Qəzetin məsul redaktoru mən idim və bütün yaradıcı kollektiv 4 nəfərdən ibarət idi.

Sonra eşitdim ki, Beynəlxalq və Mərkəzi Bank mətbuat katibi axtarır. Beynəlxalq Bankı seçdim. Beynəlxalq Bank kommersiya bankı olduğu üçün orada hərəkət vardı. 2001-ci ildən orada mətbuat xidmətinin rəhbəri vəzifəsində işləməyə başladım. 14 il burada fəaliyyət göstərdim. O illər ərzində İqtisadiyyat Universitetinin Maliyyə fakultəsini bitirdim. Aldığım təhsil bir növ formal xarakter daşıyırdı. Artıq işləyə-işləyə bank işini öyrənmişdim. Çünki hər bir sual mənə yönlənirdi. İstər kredit, istər əmanət, istər kartların ödənişi, istərsə də digər əməliyyatlarla bağlı suallar. Bu müddət ərzində 32 dəfə canlı efirdə oldum. Efirdə hansısa suala cavab verə bilməmək bankın imicinə zərbədir. Bu səbəbdən daim stolumun üstündə maliyyəyə aid kitablar olurdu.

Beynəlxalq Bankdan ayrılandan sonra “Bakı Баку”qəzetinin elektron versiyasını yaratdım.

2017-ci ilin yanvar ayından“Azər Türk Bank”ın mətbuat katibi vəzifəsində çalışıram. Jurnalist olduğum üçün daim jurnalistləri özümə iş yoldaşı bilmişəm. Sağ olsunlar, jurnalistlər də hörmət qoyurlar. Heç bir sualı cavabsız qoymamışam. Çünki özüm də jurnalist olduğum üçün onlara digərlərindən bir köynək yaxınam. Çox sevindirici haldır ki, bu gün mətbuat katiblərinin əksəriyyəti jurnalistikadan gəlib. Əvvəllər belə hallar çox az olurdu.

- Mətbuat xidməti adından da göründüyü kimi mətbuata xidmət etməlidir. Mətbuat ximəti aid olduğu təşkilatın sözçüsüdür. Onun dilindən çıxan hər bir söz həmin qurumun rəsmi mövqeyidir. Ona görə də birinci növbədə həmin təşkilatın təəccübün çəkməli, onun maraqlarından çıxış etməlidir. İşini elə qurmalıdır ki, həmin təşkilatın mətbuatda imici daha yüksək olsun. Mətbuatda çıxan yazı ictimai rəyi formalaşıdırır. Mətbuat katibi bunu bilməli, qarşısında dayanan ilk məsələ elə bu olmalıdır.

- Müasir dövr junralistikasında sizi nə təəssüfləndirir?

- İnsanlara getdikcə qəzet açmaq şansının verilməsi bizi çox sevindirirdi. Çünki jurnalistikanı bitirib, qəzetdə çalışmaq istəyən gənclərə imkan yaranırdı. Bu da inkişafa dəlalət edən bir şeydir. Sonra gördük ki, jurnalistikaya aid olmayanlar, bu mühitə təsadüfi düşən adamlar çoxalır, necə danışırlarsa, elə də yazırlar. Danışdığımız kimi yazacaqdıqsa, niyə oxuduq?! Mətbuat katibi olduğum üçün bu gün bir çox saytlara baxmağa məcburam. Amma olmasaydım, daim 5-6 saytı oxuyardım.

- Ailənizdən danışaq...

- Bir qız və oğul övladım var. Oğlum jurnalistdir. Kommersant.az saytında redaktordur. Onun birinci kursda yazdığı yazını mən heç axrıncı kursda yazmamışdım. Oğlum ikinci kursda oxuyanda “Student times” adlı bir qəzet yaratdı. Qəzet 4 dildə - Türk, Rus, İngilis və Azərbaycan dilində, A2 formatda nəşr olunurdu. Qəzetin nəşr olunduğu yer xaricilərin idi. Onların tələbələrə dəstək olmaq üçün qəzetin qiymətində 50% endirim etmişdilər. Universiteti bitirənə qədər qəzet nəşr edildi. Qızım isə Qərb Universitetinin İqtisad fakültəsini bitirib. O, universiteti bitirdikdən sonra İstanbul Bilgi Universitetində magistraturaya daxil oldu. 3 il ingilis dilində MBA təhsili aldı. İndi Türkiyədə işləyir, məzuniyyətdə Bakıya gəlir. Biz isə yoldaşımla 30 ildir bir yerdəyik.

- Məktəb illərinizi necə xatırlayırsınız?

- Məktəbdə bütün fənlərdən 5 almamışam. Hətta ədəbiyyatdan yazdığım inşaya müəllimlər güclə 4 yazardı. Çünki sərbəst mövzu seçmirdim. Köçürmə qabiliyyətim də yəqin ki, zəif olub (gülür). 3-cü sinifdən 5-ci sinfə birbaşa keçmişəm. Bizim sinfimiz eksperimental idi. 3-cü sinifdə oxuyanda bizə çox ağır proqramla dərs keçilirdi. O proqramı bəzi uşaqlar qavraya bilmədi. Amma mən də daxil olmaqla, onu qavrayan sinif yoldaşlarım oldu. Ona görə, 3-cü sinifdən birbaşa 5-ci sinfə keçdik. Məktəbi bitirəndən sonra universitetə girə bilmədim. Dəvəçidə 7 illik uşaq müsuqi məktəbində 2 il fortepiano müəllimi işlədim. Orda işləyəndə divar qəzeti buraxır, yazılar yazırdım. İş yoldaşlarımın hamısı məndən böyük idi. Onlar mənə jurnalistikaya getməyimi tövsiyyə edirdilər. Onların təkidi ilə jurnlaistikaya gəldim. İndi heç də peşiman deyiləm.

- Necə tələbə olmusunuz?

- Məktəb illərində olduğu kimi tələbəlik illərində idmanla məşğul olur, daha çox kitab oxuyurdum. Lakin kitab tapmaq həmin dövrdə çox çətin idi. Jurnalistika fakültəsində təhsil alırdınızsa, imtahanlardan keçmək üçün çox oxumaq lazım idi. Bununla bərabər, idmanla ciddi şəkildə məşğul olurdum. Velisoped üzrə ölkə çempionatlarında iştirak edir, yüksək yerlər tuturdum. İdman ustalığına namizəd, Universitetin yığma komandasının kapitanı idim.

- Tələbəlik illərinizdə çətinlikləriniz olub?

- Ola bilər mənim üçün də çətinliklər olub, amma hiss eləməmişəm. Yəqin ki, cavan olmuşam, ona görə. Daim qaçaqaçda olmuşam. Dərsdən çıxıb kitabxanaya, kitabxanadan çıxıb məşqə gedirdim. Yəni, bir dəqiqə boş vaxtım olmurdu.

- Bəs indi, boş vaxtlarınız olanda velisoped sürürsünüz?

- Bizdə velisoped niyə inkişaf etməyib? Çünki Bakı şəhəri və ətrafında velisoped üçün yollar yoxdur. Həmçinin velisoped üçün Bakının landşaftı uyğun deyil. Avropa ölkələrində pullu, kartla olan velisopedlər var. Bununla bərabər velisoped yolları. Bizdə bu yollar olmadığı üçün velisoped sürmək çox təhlükəlidir. Dəfələrlə qəzalar olub. Ona görə, bu gün velisoped sürmürəm, amma çox istəyərdim. Çünki çox yaxşı velisopedçi olmuşam.

- Əhalinin bu gün yaralı yerlərindən biri də kredit fazilərinin yüksək olmasıdır. Bununla bağlı münasibətinizi bilmək istəyərdik. Gələcəkdə bu faizlərin aşağı salınması ilə bağlı hansısa plan nəzərdə tutulurmu?

- Hazırda “Azər Türk Bank”da bu məsələyə yanaşma fərqlidir. Fikirləşirik ki, müxtəlif gəlir səviyyəli insanlar var. İstər korperativ müştərilər arasında, istər sahibkar, istərsə də fərdi şəxslər. Ona görə də, ucundan tutub bahalığa getmək düz siyasət deyil. Bu səbəbdən, 19%-dan başlayaraq müştərilərə kreditlər təklif edirik. Bank sektorunda hazırda ən aşağı faiz bizdədir. Bundan başqa müxtəlif kampaniyalar həyata keçiririk. “Azər Türk Bank” son müddət ərzində ən çox kampaniya keçirən banklardan biridir. Müxtəlif kampaniyalar çərçivəsində əmanətlərin fazilərini artırmışıq. 200 manat rəsmi maaş alan şəxs bu gün bizdən zaminsiz, tək şəxsiyyət vəsiqəsi ilə kredit götürə bilər. Bu, insanlar üçün avantajdır. Hətta 200 manat pensiyası olanlar üçün də bu imkanlar yaradılıb. Ümumiyyətlə, müştəriyə fərdi yanaşmaq, onun imkanlarını nəzərə almaq lazımdır. Biz bunu edirik. Ona görə də bizə müraciət edənlərin sayı çoxdur. Əvvəllər banka gələnlər az olurdu. İndi isə çatdırmaq olmur. Deməli, müştərinin güvənini qazana bilmişik.

- Problemli kreditlərlə bağlı hazırda vəziyyət necədir? Hansı işlər görülür?

- Bizdə son iki il ərzində problemli kreditlərin səviyyəsi aşağı düşüb. Yəni, bu sahədə intensiv işlər gedib. Əvvəllər bu işdə müəyyən boşluqlar olub, indi o boşluqları doldurub, ödənilməyən kreditləri cəlb etmişik. Hazırda “Azər Türk Bank” ölkədə bəlkə də ən az problemli krediti olan bankdır.

- Bəzi banklarda problemli kreditlərin həlli üçün xüsusi şöbələr olur. İnsanlardan ödənişləri tələb etmək üçün həmin şöbələrdə loru dildə desək, “Qoçu dəstələr” formalaşdırılır. Bu məsələyə münsaibətinizi bilmək istəyərdik...

- Sözsüz ki, belə şeylər bizə yaddır və buna heç vaxt yol vermərik.

- “Azər Türk Bank” siz fəaliyyətdə olduğunuz müddət ərzində hansı uğurlu layihələrə imza atıb?

- “Azər Türk Bank” 1995-ci ildə yaradılıb. Artıq 23 ildir fəaliyyət göstərir. Səhmlərinin 75%-i Azərbaycan dövlətinə, 13%-dan çoxu Türkiyənin dövlət bankı olan “Ziraat Bank”a, qalanı isə iki yerli hüquqi şəxsə aiddir. Bankda çalışdığım son iki il ərzində struktur dəyişikliyi olub, departamentlər yaranıb, bəziləri ləğv olunub. Bunların hamısı uğurdur. Müştərilərin sayı artır. Hər bir rübü mənfəətlə başa vururuq. Daim inkişafdayıq. Bu templə daha çox uğurları əldə edəcək, hədəflərimizə daha tez çatacağıq.

- Son olaraq, oxucularımıza nə demək istərdiniz?

- Yaşlı jurnalistikanın nümayəndəsi kimi gənc jurnalistlərə bir sözüm var: tənbəl olmasınlar. Həm işdə, həm cəmiyyətdə, həm yazı-pozuda, həm öz üzərində çalışmalarında tənbəllik eləməsinlər. Bu dediklərimə əməl etsələr, həyat gözəl olacaq.

Xəyalə Məmmədova

Fotolar: Sərvan Şəldiyev

"Ailə mənim üçün ilham mənbəyidir" - Nərmin Həsənovayla MÜSAHİBƏ / Fotolar

“Səlim Müslümov gələndən sonra oradan uzaqlaşmalı olduq” - İlham Məmmədovla MÜSAHİBƏ /FOTO- VİDEO

“Bazarın yeməkxanasında 1 il qabyuyan işləmişəm” - Nəsimi Paşayevlə MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI