"Ailə mənim üçün ilham mənbəyidir" - Nərmin Həsənovayla MÜSAHİBƏ / Fotolar

Metbuat.az-da mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Budəfəki müsahibimiz “CinemaPlus” kinoteatrlar şəbəkəsinin PR meneceri Nərmin Həsənovadır.

Metbuat.az Nərmin Həsənovayla olan müsahibəni təqdim edir:

- Ailəniz haqqında məlumat verin. Necə ailədə böyümüsünüz?

- Ailədə 3 uşaq olmuşuq, ən böyükləri mənəm. Ona görə hər zaman üzərimə böyük məsuliyyət düşüb. Atam mühəndis olub, anam isə stomatoloq. İndi də yaxınlarıma görə məsuliyyət daşımağı özümə borc bilirəm. Yəqin ona görə ki, məni belə tərbiyə ediblər. Mənim üçün ən əziz adam anamdır. Onsuz həyatımı təsəvvür edə bilmirəm.

- Orta məktəb illəriniz necə keçib?

- Bakı şəhəri 6 saylı məktəbdə oxumuşam. Məktəb illərindən çox aktiv olmuşam (gülür). Daha çox oğlan kimi idim. Kiçik qardaşımı incitməyə qoymurdum, idman yarışlarında iştirak edirdim, dərslərdən qaçırdım.

- Necə tələbə olmusunuz?

- İqtisadiyyat fakültəsində oxumağaıma baxmayaraq, heç bu sahəyə həvəsli olmamışam. Lakin universiteti müvəffəqiyyətlə bitirmişəm. Daim tədbirlər təşkil edirdim. Görünür bu məndə uşaqlıq vaxtından yaranıb. Tələbəlik illəri mənim üçün ən şən və yadda qalan olub.

- Bu illərdə yaddaqalan, maraqlı bir hadisəni danışa bilərsiniz?

- Bir gün həyat yoldaşımla bərabər oğlumuzu məktəbdən götürəndə sinif yoldaşının anası yaxınlaşıb, oğluma təşəkkür etdi. Nə baş verdiyini soruşduq. Məlum oldu ki, oğlum pul qabını itirən sinif yoldaşına kömək edib. Təsəvvür edin, onlar dərsin axrıncı saatı piknik üçün Botanika bağına getməli imiş. Uşaq pulu olmadığı üçün pikniyə gedə bilməyib, üstəlik bütün günü ac qalıb. Oğlum bunu bildikdən sonra düşünmədən bütün pulun dostuna verib. O, dostunun sinifdə tək qalmasını istəməyib. Bu hadisə bizə çox təsir etdi. Oğlum “Gələcəkdə kim olmaq istəyirsən?” - sualına fikirləşmədən “insan olmaq istəyirəm”- deyir. Bizim üçün övladımızdan belə cavab eşitmək qürurvericidir.

- Universiteti bitirdikdən sonra hansı işlərdə fəaliyyət göstərmisiniz?

- İlk iş yerim neft şirkəti olub. Daha sonra Azərbaycan Hava Yolları, ondan sonra da “travel” şirkətlərinin birində çalışmışam. Artıq 11 ildir ki, PR sahəsində işləyirəm. Bu işdə özümü tapmışam.

- Ailənizdən danışaq. Neçə övladınız var?

- Üç kişidən ibarət gözəl ailəm var. Onlar hər zaman və hər şeydə məni dəstəkləyirlər. Həmçinin, qardaşım və bacım uşaqları da var. Mənim düşüncəmdə birgə yaşadığım altı uşağım var. Düzü deyim ki, onlarla daha çox vaxt keçirməyimi istəyirlər.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Boş vaxtımı ailəm ilə keçirirəm. Mənim üçün bu, çox vacibdir. Çünki ailə mənim üçün ilham mənbəyidir.

- Baxımlı bir xanım kimi sirlərinizi oxucularımızla bölüşə bilərsiniz?

- Həyatda əsas özünü tapmaqdır. Fərq etmir, bu ailədir, yoxsa iş. Mənim hər ikisində bəxtim gətirib, özümü həm ailədə və işdə tapmışam. İnsanlarda onların qayğısını qiymətləndirmək, sevgi və hər zaman yaxşı şeylərdən fikirləşmək çox vacibdir, çünki fikirlər həyata keçir.

- İş xanımları alış-verişlərini adətən tanınmış brend mağazalardan edir. Bəs siz necə?

- Mənim üçün necə görünməyim vacibdir, lakin mükəmməl görünmək üçün çox bahalı brendlərdən geyinmək mütləq deyil. Qarderobum brend və adi geyim markalarından ibarətdir.

- Sosial şəbəkədə sizi nələr qıcıqlandırır?

- Məni müxtəlif qruplara daxil edəndə qıcıqlanıram, amma sosial şəbəkələr hesabına çoxlu informasiya və insanların fikirlərini öyrənə bilirsən.

- Mediada nəyi sevmirsiniz?

- Media mədəniyyətimizə böyük hörmətlə yanaşıram. Mənim jurnalistlər ilə çox isti və yaxşı münasibətlərim var. Hətta xoşuma gəlmədiyim anları yadıma sala bilmirəm.

- Özünüzə nə qədər güvənirsiniz?

- Özümə əminəm, çünki əhatəmdə məni sevən, hər zaman dəstək olan insanlar var. Bu, məni stimullaşdırır.

- Qadının işləməsi vacibdir?

- Özümü işsiz təsəvvür edə bilmirəm. Lakin bəzi qadınlar da var ki, bütünlüklə özlərini ailələrinə həsr edirlər. Məsələn, belə insanlardan biri də mənim bacımdır. Onun qərarına hörmət edirəm.

- İşləyən xanımların adətən mətbəxlə arası olmur. Sizin necə?

- Ailəmdə kişilər dadlı yeməyi sevirlər. Buna görə, bütünlüklə onları razı salmağa çalışıram.

- Kinoteatrın mətbuat katibisiniz. Filmlərə baxmağı xoşlayırsız?

- Əlbəttə! Biz böyük kampaniya ilə filmə baxmağı sevirik, sonra isə müzakirə edirik.

- Sizcə serial, yoxsa film?

- Seriallar və filmlər. Sadəcə seriallara mənim fiziki olaraq vaxtım çatmır.

- Ən çox bəyəndiyiniz filmlər hansılardır?

- Filmlər çoxdur. Yaxşı sonluq ilə bitən filmləri sevirəm, əsas da köhnə yerli filmlərimizi.

- Bu gün tamaçaşı daha çox hansı filmlərə baxır?

- Tamaşaçıların əksəriyyəti yerli kinematoqrafiyanı sevirlər, əsas da komediya janrında olanları. Sonuncu filmi qeyd etməyə bilmərəm, hansı ki, öz baxış sayı ilə “partlatdı”. Bu, Kəklikotu filmidir.

- Kinoteatrlarla bağlı ən çox gələn şikayətlər hansılardır?

- Azərbaycan dilində kifayət qədər filmin olmamasıdır.

- “CinemaPlus” kinoteatrlar şəbəkəsi fəaliyyətiniz dövründə hansı yeniliklərə imza atıb?

- Bizdə “CinemaPlus” şəbəkəsində 6 kinoteatr var. Tezliklə Gəncədə bir kinoteatr və “Caspian Waterfront”da bir kinoteatr açılacaq. “Dolby Atmos” səs texnologiyasına malik yeganə kinoteatr “CinemaPlus Gənclik Mall”dadır. “CinemaPlus” şirkətinə peşəkar azərbaycan dilində dublyaj ilə məşğul olan yeni “Cinemazadeh” şirkəti daxil olub. Bugünkü gündə bütün kinoteatr şəbəkələri içində “CinemaPlus” şəhərdə ən böyük reklam platforması hesab olunur.

Xəyalə Məmmədova / METBUAT.AZ

“Bazarın yeməkxanasında 1 il qabyuyan işləmişəm” - Nəsimi Paşayevlə MÜSAHİBƏ – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı