“Bazarın yeməkxanasında 1 il qabyuyan işləmişəm” - Nəsimi Paşayevlə MÜSAHİBƏ

Metbuat.az-da mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Budəfəki müsahibimiz "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevdir.

Metbuat.az Nəsimi Paşayevlə olan müsahibəni təqdim edir:

- Böyüdüyünüz ailədən danışaq...

- Yevlax rayonunun Xaldan kəndindənəm. Kənddə doğulub, kənddə böyümüşəm. Orta məktəbi kənddə oxumuşam. Ata, anam və 2 qardaşımla bərabər nənə-babanın yanında böyümüşük. Atam, anam Mingəçevirdə yerləşən Texniki Rezin Məmulatları zavodunda işləyirdi. Atam həmin zavodda mexanik, anam isə laboratoriyada çalışırdı. Onlar işdə olduğu üçün 3 qardaş nənə-babanın yanında böyümüşük. Hərdən atam işə gedəndə bizə yer belləməyimizi tapşırırdı. Biz dərsdən gələnə qədər babam yeri belləyir, axşam atama bizim etdiyimizi deyirdi.

- Orta məktəb illəriniz necə keçib?

- Maraqlı keçib. Məktəbimiz kənd məktəbi olmasına baxmayaraq, SSRİ-də tanınırdı. Tez-tez məktəbimizə qonaqlar gəlirdi. Həmçinin, biz də SSRİ-nin ölkələrinə gedirdik. Tez-tez festivallar, maraqlı tədbirlər keçirilirdi. Sovet vaxtı 11 il oxuyan siniflər bizim dövrümüzə təsadüf edib. O vaxt ibtidai sinfi bitirəndə yeni qayda tədbiq etdilər. Hər il məktəbin sonunda imtahan verməli idik. 5-ci sinifdən 1-ci sinfə kimi hər ilin sonunda imtahan verdik. 11-ci sinfi bitirəndə isə həmin qayda ləğv edildi. Hər şey bizim başımızda partladı (gülür). Dərslərimi yaxşı oxumuşam. Qiymətlərim 5 olub. Qızıl medala düşməyək deyə bir-iki fəndən 4 veriblər. Hamısını tam beşlik oxumasam da, dərslərimi həqiqətən yaxşı oxumuşam. Dərs oxumağımda hətta mənə fitri istedadım var deyən də olurdu. Evdə dərs oxumayanda 15 dəqiqəlik fasilədə dərsi hazırlayıb danışa bilirdim. Demirəm ki çox məsuliyyətli idim. Normal kənd uşağı kimi. Dərslərə o qədər hazırlıqsız getmişəm ki. Ən sevidyimiz fənn isə təbii ki, bədən tərbiyəsi idi.

- İlk sevginizi xatırlayırsız?

- Xatırladığım biri var, amma ilk olub-olmadığını bilmirəm. 6-ci sinifdə oxuyanda 9-cu sinifdə oxuyan qız istəyirdim. Dostumla ikimiz həmin qızların arxası ilə gedib-gəlirdik. Təbii ki, ona sevgi demək olarsa. Bəlkə də, ondan əvvəl olub, amma başqasını xatırlamıram.

- Qız üstündə döymüsüz, yoxsa döyülmüsüz?

- Mübahisələrimiz olub, amma döyüb-döyüldüyümü xatırlamıram. Qız üstündə dalaşmamışam.

- Tələbəlik illərinizi necə xatırlayırsınız?

- Tələbəlik illəri əzab-zəiyyətli olsa da, çox gözəl keçib. Kaş ki, o tələbəlik illəri bir çox insanlara qismət ola. 1992-ci ildə orta məktəbi bitirəndə Azərbaycanda hakimiyyət dəyişikliyi vardı. Türkiyə ilə təhsil mübadiləsinə başlanıldığı üçün Türkiyəyə tələbə göndərilməli idi. 1992-ci ildə ilk dəfə olaraq test imtahanına girdik. İmtahandan uğurla keçdiyim üçün Ankara Universitetinin Jurnalistika fakütləsinə daxil oldum. Əslində, qəbulda başqa bir ixtisas yazmışdım, amma jurnalistikaya düşdüm. Orta məktəbdə oxuyanda texniki fənlərə daha çox maraq göstərirdim. Bizə radiotexnika üzrə dərslər keçirilirdi. Qəbulda “Radio, televizyon ve sinema” ixtisasını seçdim. Lakin Türkiyəyə gedəndən sonra onun “Teleradio jurnalistikası” istisası olduğunu anladım. 1992-ci ildə Ankaraya getdim və 2000-ci ilə qədər Ankarada yaşadım. Magistraturaya sənəd verdim, amma oxumadım. Bir az özüm bilərəkdən təhsilimi uzatdım. Normalda 5 ildən sonra qayıtmalı idim, amma 8 il orada qaldım. Təsəvvür edin, 17 yaşında kənddən çıxıb, Ankara kimi böyük bir şəhərə getdim. Qəribçilik idi. Biz təbii ki, tək deyildik. Ərtafmızda Türkiyəyə təhsil almağa gələn yüzlərlə həmyerlilərimiz vardı. Türkiyədə təhsildə rüşvət, “dayday” yoxdur, mütləq oxumalısan. Bir-birimizə dəstək çıxırdıq. Bizə qucaq açırdılar. Ailə tərbiyəsi öz yerində, amma orada aldığımız tərbiyənin öz rolu var. Vaxt olub ki, inşaatda işləmişik. Verilən təqaüd xərclərimizi ödəmədiyindən 6-cı, bazar günü, yaxud semestr arası tətil olanda inşaatda işləmişik. Təxminən bir il böyük bir bazarda – Türkiyənin Maltəpə bazarının yeməkxanasında həm ofisant, həm də qabyuyan işləmişəm. Rus dili bilgimizdən istifadə edib, turistik bölgələrdə işləyirdik. Türkiyəyə ruslar çox gəldiyindən ilk illərdə tərcüməçiyə ehtiyac vardı. Tələbə dostlarımızın çoxu orda yaxşı qazanc belə əldə edirdilər.

Həmin dövrdə ev ilə əlaqə saxlamaq qeyri-mümkün bir şey idi. Sadəcə məktub yazırdıq. Məktubun gedib çatması, cavab gəlməsi bəzən aylarla vaxt tələb edirdi. Yadımdadır, ilk dəfə anamla telefonda danışanda ağlayırdım. Bakıya zəng etmək üçün o vaxt rabitə əlaqəsi Moskva üzərindən idi. Bir müddət keçəndən sonra rayon mərkəzlərinə zəng etmək olurdu. Mingəçevirdə xalam vardı. Onlara zəng edib deyirdim ki, sabah flan saatda anamgil gəlsinlər, danışım. İndi çox rahatdı. Mobil telefon, Votsap, Skayp, hər cür şərait var. O cür əzab-əziyyətli şəraitdə yetişməyimizin tərbiyəmizdə böyük rolu oldu. Onun bəhrəsini biz hələ də görürük. Həmin tələbə dostlarımız arasında bu gün tanınmış şəxslər, həkimlər, hakimlər, sərbəst biznes fəaliyyətiylə məşğul olan şəxslər var.

- Şəxsi avtomobiliniz var?

- Yox. İdarənin verdiyi bir avtomobil var. Ondan istifadə edirəm.

- Bəs, biznesiniz?

- Qətiyyən.

- Daha çox metrodan istifadə edirsiz, yoxsa digər nəqliyyat vasitələrindən?

- Metrodan istifadə edirəm, amma hər zaman deyil. Evimlə işim arasında stansiya yoxdur. Ona görə, işə gəlib-getməkdə avtomobildən istifadə edirəm. Amma gedəcəyim hansısa bir yerə yaxın metro varsa, piyada xeyli yolum olsa belə, metrodan istifadə edirəm.

- Sosial şəbəkədə fəal olmanıza baxmayaraq, hərdən profilinizi bağlayırsınız. Niyə?

- Yaxın günlərdə profilimi 1 həftəlik bağladım. Gördüm ki aqressivləşirəm. İnsanlara qarşı istəmədiyim sözlər, münasibət göstərməmək üçün hərdən profilimi bağlayıram. Məndə asılı olmayan səbəblərdir. İnsanlar bəzən çox aqressivləşirlər. Sosial şəbəkədə kiminsə ciddi olmağına, kimdəsə səhv tutmağa ehtiyac yoxdur. Bir şey etiraf edim. 1 həftə Feysbuk profilimi bağladım, hər hansı bir hadisə, məsələ barədə bir jurnalist belə zəng edib münasibət öyrənmədi. Amma Feysbukum açıq olanda gün ərzində 7-8 jurnalistə cavab verirəm. Jurnalistin işi xəbər yazmaqdır. Baş redaktor, redaktor ondan xəbər tələb edir. Oturub deyir ki, nə yazım? Metro gündəmdə olan bir mövzudur. Sosial şəbəkələrdə metro hər zaman maraqlı mövzudur. Jurnalist bir mövzu tapıb, Feysukdan Nəsimi Paşayevə sual göndərir. Nəsimi Paşayev də onların xətrinə dəyməyib, suala cavab verir. Ola bilər ki, başqa bir mətbuat xidmətləri bu qədər operativ deyillər, bunu bilmirəm.

Keçən dəfə jurnalist xanımın biri ilə söhbət edəndə sual verdi. Suala sadəcə “yox” cavabını verdim. Dedi ki, heç olmasa 4-5 cümlə yazın. Dedim ki, mən bir müəssisənin sözçüsüyəm. Ağzımdan çıxan hər bir sözün məsuliyyətini daşıyıram. Siz xəbər yazacaqsınız deyə, nə gəldi danışmamalıyam. Bu, doğru bir şey deyil. Keçən həftə gördüm ki, belə hadisələrdə nəzarəti itirirəm, təbii ki, dəli olmuram. Ona görə, bağladım və istirahət etdim. Artıq iki gündür qayıtmışam. Ancaq kənardan tamaşa edirəm. Dostlarım deyir ki, şərh və statuslarınız üçün darıxmışıq, fikir verməyin, qayıdın. Qayıdacam və daha da aktiv olacam. Bu, həm işimin xatrinə, həm də xarakterimdən irəli gələn bir aktivlikdir. Bizdə sosial şəbəkə bir az fərqlidir. İnsanlar daha çox küyə gedir. Nə gəldi, ağına-bozuna baxmadan yazırlar. İnsanlar bəzi şeylərə görə iş yoldaşlarına, hər gün oturub-durduqları insanlara belə “yaltaq” deyə bilirlər. Sırf onun istəyinə “yox” dediyin üçün.

- Nəsimi müəllimin sevgisini necə qazanmaq olar?

- Ən sevmədiyim şey yalandır. Səmimi olmaqla sevgini qazanmaq olar. Əslində, Allahın yaratdığı hər bir şeyi sevirəm. Canlı və ya cansız, insanlar da həmçinin. Sadəcə dürüst və səmimi olmaq lazımdır. Yalanı qətiyyən bağışlamıram, məsuliyyətsiz olmaq xoşuma gəlmir, bir az həddin artıq səmimi oluram. Bu səmimiyyətimdən kimlərsə inciyir. Halbuki o insanla daha yaxın olmaq istəyirəm, zarafat edirəm. İçimdə nə varsa, çöldədir. Rol oynamağı bacarmıram. İşimdən asılı olaraq həddindən çox səbirli davrana bilirəm. Əslində, o qədər də səbirli deyiləm. Yoldaşım deyir ki, kaş evdə də bu qədər səbrli ola bilsən. İşlə bağlıdır, məcburam. Ona görə də, Nəsimi Paşayevin sevgisini qazanmaq üçün hər hansı ciddi bir kriteriyaya ehtiyac yoxdur.

- Sosial şəbəkədə fəal olmayan mətbuat katiblərinə münasibətiniz necədir?

- Hərənin öz metodudur. Günümüzdə sosail şəbəkə həqiqətən də vazkeçilməzdir. Bu gün çalışdığımız qurumla bağlı ictimaiyyəti məlumatlandırmaq, bütün suallara şəffaf cavab vermək, neqativlikləri aradan qaldırma istəyiriksə lazım olan bütün vasitələdən istifadə etməliyik. Telefon, internet, kabinetdə görüş, sosial şəbəkələr... Etiraf edək ki, bu gün əksər insan vaxtının çox hissəsini sosial şəbəkədə keçirir. Hətta vaxtını ailəsindən daha çox sosial şəbəkəyə ayırır. İnformasiyanı çatdırmaq üçün sosial şəbəkə bu gün mənim üçün daha əlverişlidirsə, təbii ki, sosial şəbəkədə olmalıyam. Başqasının adından danışa bilmərəm. 2004-cü ildən mətbuat xidməti sahəsində fəaliyyət göstərirəm. Mənim ayrıca bir siyahım var. Orada jurnalistlərin nömrələri qeyd olunub. Eyni zamanda, onların hər birinin email adresi var. 2004-cü ildə fəaliyyət göstərəndə faks göndəriridik. Ondan sonra “email”ə keçdik. Bu gün heç ona da ehtiyac yoxdur. Axrıncı dəfə nə vaxt elektron poçtdan istifadə etdiyimi xatırlamıram. Mənimlə çalışan jurnalistlər də bilir, hansısa bir infomasiyam varsa, bunu Feysbuk hesabımdan paylaşıram. Çünki mənim Feysbuk hesabımdakı dostlarımın əksəriyyəti jurnalistlərdir. Onlar asan şəkildə məlumatı əldə edirlər. Elə bir qurum ola bilər ki, onlar mətbuat katiblərinin sosial şəbəkəyə girişini hətta qadağan edirlər. Mətbuat katibinin fəallığı təkcə özüylə bağlı deyil.

- Sosial şəbəkədə kimləri “blok” edirsiz?

- “Blok” siyahımda çox adam yoxdur. 10-12 nəfər olar. Axrıncı dəfə kimi “blok” etdiyimi xatırlamıram. Çox aqressiv fikir bildirən, fikirlərimiz qətiyyən üst-üstə düşməyən insaları Feysbuk dostluğumdan çıxarıram. Heç bir səbəb göstərmədən, soruşsa belə cavab vermirəm. Amma “blok”a atdığım insanlar isə əxlaqi dəyələri aşan insanlar olub. İstəmirəm ki, dostluğumdakı şəxslər həmin insanın fikri ilə tanış olsunlar.

- Hobbiləriniz nələrdir?

- Gəzməyi çox xoşlayıram, xüsusilə təbiət qoynunda. Belə deyim, Biləcəridən o tərəfi keçəndə həyat mənim üçün sanki yenidən başlayır. Çalışıram ki, hər həftə sonu Biləcəridən o tərəfə keçim. Xüsusilə, rayona tez-tez getməyi xoşlayıram. Yay aylarında demək olar ki, hər həftə sonları rayona gedirəm. Məzuniyyətimin 1 günü belə evdə keçirmirəm. Bir gün səsim Şəkidən gəlir, digər gün isə Lerikdən. Azərbaycanın bütün bölgələrini ailəmlə gəzməyi xoşlayıram. Bir də, boş vaxtlarmda çalışıram ki futbol oynayım. Həftədə bir dəfə dostlarla yığışıb, futbol oynayırıq. Bir də hərdən acılı-şirinli günlər keçirdiyimiz tələbə dostlarımızla görüşüb söhbət edirik. Parkda, Bulvarda gəzirik. Bütün idman növlərimdən başım çıxır. Futbol, voleybol, tenis, bilyard. Vaxtilə hamısını oynamışam. İndi isə vaxt baxımından mümkün deyil

- Əkib-becərməyi deyesən sevirsiniz. Çünki Xaldan kəndindən tez-tez belə şəkillər paylaşırsız...

- Orta məktəbdə oxuyanda əkib-becərməkdə babama kömək edirdim. Onun yanında öyrənmişəm. Məktəbin son illərində həm hevanların otarılması, həm də təmizlənməsində kömək etmişəm. Lakin mütəmadi kənddə olmadığımdan bir çox şeyi yadırğamışam. Çalışıram ki, təbitlə iç-içə olum. Amma hansısa bir təsərrüfatım yoxdur. Bağımın olmasını çox istəyirəm. Bağımda sadəcə ağaclar, çiçəklər və balaca bir daxma osun istəyirəm. 2-3 mərtəbəli villa, beton yığımından ev, həyətində isə hovuz olan bir bağ istəmirəm.

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Həyat yoldaşımla qəzetdə işləyəndə tanış olmuşam. Mən redaksiyada işləyirdim, O isə sonradan gəldi. Onu ilk dəfə görən gün qərarımı verdim. Uzun bir koridor vardı. Mən koridorun sonunda söhbət edirdim. O, koridordan içəri girən kimi düşdü bura (ürəyini göstərdi). Həmin an bizdən söz soruşub, baş redaktorun yanına qalxdı. Elə orda da başladı. Sonra yavaş-yavaş qəzetə yazılar verməyə başaldı. Daha sonra o da qəzetdə işlədi. Bir az amma çətin oldu. Daha doğrusu, mənim üçün çətin oldu. Çox təkid elədim. Sonra o da razılaşdı. Bərabər bir yola çıxdıq.

- Övladlarınızdan danışaq...

- 2 övladım var – bir qızım, bir oğlum. Oğlum 8-ci sinifdə oxuyur, qızım 2-ci sinfə gedir. Normal orta məktəbə gedirlər. İmkan daxilində yaxşı oxuyurlar. İbtidai sinif olduğu üçün qızım təbii ki, daha yaxşı oxuyur. Oğlum da ibtidai sinifdə daha yaxşı oxuyurdu. Əlimdən gəldiyi qədər təhsillərinə kömək etməyə çalışıram. Bundan sonra da çalışacam ki, normal təhsil ala bilsinlər. Tək istəyim odur.

- Metropolitenə dəvət alana kimi hansı işlərdə fəaliyyət göstərmisiz?

- Bir müddət qəzetlərdə işləmişəm. 2004-cü ildən 2014-cü ilə qədər əvvəlki adı “Barmek” olan indiki Bakı Elektrik Şəbəkənin mətbuat xidmətində işləmişəm. 2014-cü ildən bəri isə Bakı Metropoliteninin mətbuat xidmətində işləyirəm.

- Metro ilə bağlı çıxan hansı xəbər sizi təəccübləndirib?

- Metro insanlarda sirli dünya kimi qalıb. İnformasiya blokadası rolunu oynayır. Bəzən elə suallar verirlər ki, insan qalır belə. Adam deyir ki, “Dərnəgül” stasiyasında oturub “İçəri şəhər” stansiyasına getmək istəyir. “Dərnəgül”dən “İçəri şəhər”ə birbaşa xətt yoxdur. Təəssüf doğurur. Mən də əlimdən gəldiyi qədər çalışıram ki, verilən suala cavab verim. Lakin bir məlumatı 4-5 dəfə deyəndən sonra əsəbiləşirəm. Verilən hər bir suala cavab verməyə çalışıram. Amma ittiham fomasında sual verənlərə əsəbiləşirəm. Məsələn, deyirlər ki, “28 May” stansiyasında elektrik enerjisinə qənaət etdiklərinə görə, eskalatorları işlətmirlər. Bu cür statuslar məni əsəbiləşdirir. Desələr ki, həmin stansiyada eskalatorları niyə işlətmirsiniz? Deyərəm ki, bunun mənası budur.

- Metroda özünü qatar altına atmaq sizcə “dəb” halını alıb?

- Hər dəfə intihar hadisəsi baş verən günü mənə ünvanlana sual belədir: “Metroda intiharların sayı son illər niyə artıb?”. Son 8 ayda metroda intihar hadisəsi bir dəfə olub. Hansı əsasla artmaqdan söhbət gedə bilər?! Azərbaycanın istənilən bölgəsindən hər gün intihar xəbərlər gəlmirmi?! İntihar etmək istəyən şəxs özünü metroda qatar altına atmasa, dənizə atacaq. Bir ara Koroğlu körpüsü dəbdə idi. Əvvəllər bu qədər informasiya mübadiləsi yox idi. Hadisə olan zaman yerində qalırdı. Heç kim bilmirdi. Dənizə atan insan sadəcə öz canına qıyır. Metroda intihar hadisəsi baş verəndə, həmin an metrodan istifadə edən yüzlərlə sərnişin əziyyət çəkir. Metroda intihar “dəb” halını almayıb.

- Bildiyimiz qədərilə hər il jurnalistlərlə birlikdə hansısa bir bölgəyə səyahət edirsiniz. Bu ənənə indi də davam edir?

- Bu ilə qədər davam edib. Söhbət hanısa bir səfərə getməkdən getmir. Çalışıram ki, 22 iyul Milli Mətbuat Günündə jurnalistləri bir araya yığam. Bu, hanısa bir bölgəyə səfər, yaxud Bakıda keçirilən şənlik ola bilər. Çalışdığım müddətdə bu ənənəni hər il yerinə yetirmişəm. Qismət olsa, çalışarıq ki, bu il də edək. Jurnalistlərin bir-birini tanımaq, vaxt keçirmək haqqıdır. Bunu səhv yozanlar var. Deyirlər ki, Nəsiminin apardığı jurnalistlər daha sonra onunla bağlı neqativ xəbər yazmırlar. Yalan söhbətdir. Bu gün hər hansı bir neqativ hal baş versə, bütün saytlar yazacaq. Hətta ailəvi yaxın olduğum jurnalist belə yazacaq. Çünki bu, onun işidir. Bu vaxta qədər hansısa bir xəbərin silinməsi ilə bağlı heç bir sayta müraciət etməmişəm. Bunu rəhbərlik də bizdən istəmir. Rəhbərlik deyir ki, problem varsa, həll olunmalıdır. Onu saytdan çıxarmaqla nəyəsə nail ola bilmərik. Gün ərazində metrodan 700 mindən çox sərnişin istifadə edir. Baş verən hadisələr onların gözləri önündə qeydə alınır.

- Jurnalistlər arasında ayrı-seçkilik edirsiniz?

- Yox. Normal fəaliyytə göstərən jurnalistlər üçün qapım hər zaman açıqdır. Jurnalist jurnalistdir. Sadəcə yaxşısı, pisi var. Yaxşısı özünə görə yaxşı, pisi isə özünə görə pisdir. Mən də mövqeyimi ona görə bildirirəm. Reket adlanan jurnalistlər belə bu gün çox rahat şəkildə mənimlə əlaqə saxlaya bilirlər. “Sən reketsən, sən müxalifsən”- deyə bir şey yoxdur. İstənilən adam istər mobil, istər iş telefonu, istərsə də elektron poçt və sosial şəbəkə vasitəsilə sualını ünvanlayıb, cavabını ala bilər.

- Jurnalistlərlə getdiyiniz gəzintilərdə hanısa bir maraqlı, yaxud xoşagəlməz hadisə baş verib?

- Danışmasam daha yaxşıdır. Gedənlər bilir ki, bu səfərlərin heç birində başıma xoş hadisə gəlməyib. Hər dəfə birində ya dava düşüb, ya biri şikəst olub, ya birinin başı yarılıb, ya da kimsə boğulma təhlükəsi keçirib.

- Bildiyimiz qədərilə, səsiniz də yaxşıdır...

- Deməli, 2017-ci ildə bizim Türkiyəyə təhsil almağa getməyimizin 25 illiyi idi. Tələbə dostlarımızdan biri “Təhsil üçün oxu” adlı layihə hazırladı. Mahnının biri Azərbaycan, digəri Anadolu türkcəsində idi. Orada mən və digər tələbə dostlarımız vardı. Studiyaya girib, bacardığmız qədər oxuduq. Səsim özümə xoş gəlmədiyi üçün mahnı xoş gəlmədi. Səsim yaxşı deyil.

- Metropoliten fəaliyyətiniz dövründə hansı uğurlu layihələrə imza atıb?

- Metropoliten iddia edirəm ki, bütün uğurlu layihələrini bizim dövrümüzdə atıb. Söhbət mənim dövrümdən getmir. Eqoist kimi çıxmasın. Bu dönüşü Metropolitenin rəhbərliyi istəyib və yaradıb. Biz sadəcə icaredici strukturlarıq. Təbii ki, biz də yaradıcı olmalı, bu işlərin icrasını layiqincə yerinə yetirməliyik. Metropolitendə görülən bütün işlər bir komanda şəklindədir. Bu gün sosial layihələrin aparılması ilə bağlı xüsusi bir komanda var. Tutaq ki, hüquq, investisiya, təhcizat və s. şöbələri ayrıdır. Hər biri kompakt bir komanda şəklində fəaliyyət göstərir. Metronun 2014-cü ilə qədər fəaliyyəti də göz önündədir, 2014-cü ildən sonra da. Tədbiq olunan texnologiya və yeniliklərdən tutmuş, sosial layihələrə qədər tamamilə fərqlənir. Elə avadanlıq gətirilir ki, onlar indiyə qədər tədbiq olunmayıb. Metropolitendə illərdir çalışanlar da etiraf edirlər ki, əvvəlki texnologiya ilə indiki texnologiya arasında fərq çoxdur. Zamanə dəyişir. Texnologiya dövrüdür. Dünya standartlarına çatmalıyıq. Bunun üçün rəhbərliyin nəzarətində, maksimum dərəcə sürətlə gedirik. İmkanlarımız məhduddur. Bilirsiniz ki, Bakı Metropoliteni zərərlə işləyən bir qurumdur. Dövlət büdcəsindən aldığımız dotasiya ilə hərəkət edirik. Sərbəst olsaq, özəl bir şirkət olsaq, qatarları dəyişər, yeni stansiyalar da aça bilərik. Bütün bunlar mərhələli şəkildə və imkan daxilində gedir. Bütün bu layihələri insanlara mən çatdırdığım üçün öndə olan mənəm. Lakin gördükləriniz bir komanda işidir.

- Son olaraq, oxucularımıza nə demək istərdiniz?

- Oxucunun işi oxumaqdır, oxusunlar. Səviyyəli yazılar oxusunlar. Bu gün çox qəribə tedensiya yaranıb. İnsanlar televiziya və saytlarda istədikləri ədəbsizlikləri göstərirlər. Sonra da deyirlər ki, tamaşaçı, oxucu bunu istəyir. Bununla razı deyiləm. Yəni, o da var. İnsanlarda şou-biznesə, kriminala maraq daha çoxdur. Amma səviyyəli yazı, səviyyəli veriliş hər zaman lazımdır. Onun da öz tamaşaçı, oxucu kütləsi var. Bu, sadəcə bizdə deyil, Türkiyədə, Avropada, Amerikada da belədir. Türkiyədə oxuyanda bizim bir müəllimimiz vardı. Deyirdi ki, "Hürriyyət "qəzeti 1 milyon - 500 min tirajla çıxır. "Cümhuriyyət" qəzeti isə 50 min tirajla çıxır. "Hürriyyət" qəzetində çıxan yazılara hər gün reaksiya verən olmur, amma "Cümhuriyyət" qəzeti bir dəfə yaxşı bir araşdırma aparıb manşet verəndə, hökümətdə hansısa bir nazir istefa verə bilir. Ona görə də, İP dediyimiz şeyə çox da taxılmaq lazım deyil. Bacardığımız qədər mətbuatın funksiyasını yerinə yetirməliyik. Oxumaqdan heç kimə ziyan gəlməz. Nə olursa olsun, oxusunlar.

Xəyalə Məmmədova

Video və fotolar: Sərvan Şəldiyev



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı