Rus rublu UCUZLAŞIR

Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi haqqında ABŞ-ın Dövlət Departamentinin bəyanatı rublun dəyərini növbəti dəfə aşağı salıb.

Ötən gecə Moskva valyuta birjasında keçirilən hərraclarda 1 ABŞ dolları 2,05 rubla qədər bahalaşıb.


İqtisadçı Vüqar Bayramov açıqlamasında əlavə edib ki, bir ay öncə 1 dollar almaq üçün 61 rubl ödəmək lazım idisə, hazırda hər dollar 66 rubl tələb edir:

“Bu isə o deməkdir ki, rubl sadəcə ötən bir ay ərzində 8 faiz dəyər itirib. Əvvəllər də qeyd etdiyim kimi, milli valyutamızın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da, neftin qiyməti və ticarət tərəfdaşlarımız içərsində Rusiya rublu manatın kursuna birbaşa təsir göstərir. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir. Rublun kəskin ucuzlaşmasının davam edəcəyi halda Azərbaycan məhsulları Rusiya bazarında bahalaşacaq və bu da bizim qeyri-neft ixracatımıza təsir göstərəcək. 2017-ci ildə təklif etdiyim kimi, qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var. Mərkəzi Bankın fiks (sabit) məzənnə siyasətinə üstünlük verməsi xarici faktorların nəzərə alınmasına imkan vermir. Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sabahın HAVASI: Qısamüddətli yağış yağacaq – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR