Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından

Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ildönümü tamam olur.

Metbuat.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Ümummilli lider Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi. Son illərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub.

2007-ci il iyunun 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci il sentyabrın 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar.

Bu gün Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması, sözsüz ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısının təzahürüdür. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır.

Bu il iyulun 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsində yeni inşa edilib “Daşkənd”, avqustun 14-də “Xudat” sərhəd dəstəsinin qısa müddətdə yüksək keyfiyyətlə yeni tikilən “Yuxarı Tahircal” sərhəd zastavası komplekslərinin xidməti istifadəyə verilib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlətin əsas rəmzlərindən biri olan dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə dövlət sərhədlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsas prioritet sahələrindən biri olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin konseptual əsaslarını təsbit edib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran vəzifələri müəyyənləşdirib.

Buna misal olaraq bu il fevralın 22-də Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar. Bu, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən biri kimi tarixə düşüb. Milli dövlətçilik tarixində ilk dəfə olaraq dövlət sərhədinin rəsmən müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin real nəticəsi, Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərin dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin daha bir göstəricisi, milli diplomatiyamızın növbəti uğuru olub.

Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR