"Uğura doğru ilk addımlarını atan bu gənclərimiz gələcəkdə təkcə Tərtərimizi deyil, bütövlükdə Azərbaycanımızı ləyaqətlə təmsil edəcəklər"

Sevinirəm, sevinirəm ki, onların sayı hər il artır. Tərtərdən ali məktəblərə qəbul olunanları deyirəm. Düzdür, rayonumuz bu baxımdan ən yüksək göstəricisi olanlar sırasında deyil, amma ilbəil irəliyə doğru diqqətəçarpan addımlar atılır. Məsələn, ötən il ali məktəblərə qəbul olan gənc tərtərlilərin sayı 193 nəfər idisə, bu il 226 nəfər oldu. Keçən il 500-dən yuxarı bal toplan abituriyentlərin sayı 19 idi, bu il 29 nəfərdir ki, onlardan da 10-u 600-dən çox bal toplayıb. Beş gəncimizin göstəricisi isə 650-687 bal arasında dəyişir.

Metbuat.az xəbər verir ki, bunu Millət vəkili Sahib Alıyev öz "Facebook" səhifəsində paylaşıb.

O, bildirib ki, neçə il idi görkəmli cərrah, professor Həsən Sultanovun rayonundan bir nəfər belə Tibb Universitetinə daxil ola bilmirdi və bu, çox ağrıdıcı idi. Amma keçən il iki, bu il isə beş gəncimiz yüksək balla bu universitetin tələbəsi olmağı bacardılar. Fikirləşirəm ki, bununla uzun illər I-müalicə-profilaktika fakultəsinin dekanı və I-cərrahi xəstəliklər kafedrasının müdiri işləmiş rəhmətlik Həsən müəllimin də ruhunu şad etmiş oldular. Bu gün Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rayonun digər vəzifəli şəxsləriylə birlikdə yenicə tələbə adını qazanan tələbələrimizlə görüşdük. Onları təbrik etdik, valideynlərinin, müəllimlərinin sevinclərini bölüşdük, tövsiyyə və hədiyyələrimizi verdik.

Ümid edirəm ki, uğura doğru ilk addımlarını atan bu gənclərimiz gələcəkdə təkcə Tərtərimizi deyil, bütövlükdə Azərbaycanımızı ləyaqətlə təmsil edəcəklər. Hər halda onların bir çoxunun çıxışları və əldə etdikləri yüksək göstərici məndə belə bir ümid yaratdı. Uğur olsun gənclər! Tanrı yolunuzu açıq etsin, əziz balalar!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)