DİM rezidenturaya qəbulun nəticələrini elan edib

Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 525 namizəddən 448 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 147 nəfərini oğlanlar, 301 nəfərini qızlar təşkil edir. 254 namizəd cari ilin, 194 namizəd isə əvvəlki illərin məzunudur.

Qəbul olan namizədlərin siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü sayını sentyabrın 5-dən etibarən elektron versiyada (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri sentyabrın 7-dən 14-dək olan müddətdə müvafiq quruma:

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinə;

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinə;

Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, ixtisaslar üzrə qeydiyyat müxtəlif vaxtlarda aparılacaq. Namizədlər müvafiq qrafik ilə Səhiyyə Nazirliyinin internet saytından tanış ola bilərlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR