Millimizin baş məşqçisi Qurban Qurbanov və futbolçular Qara Qarayevlə Kamran Ağayevin UEFA Millətlər Liqasının ilk turunda Kosovo ilə oyun öncəsi keçirilən mətbuat konfransında maraqlı hadisə yaşanıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, tədbirdə iştirak edən jurnalistlərdən biri yığmanın qapıçısı Kamran Ağayevdən turnirə meyxana həsr edib-etməyəcəyini soruşub. Bu vaxt suala reaksiya verən Q. Qurbanov bunları deyib: "Kamran yavaş-yavaş meyxanadan uzaqlaşır. Bundan sonra bütün fikrini futbola yönəldəcək".
Qurban Qurbanovun sözləri zalda gülüşlə qarşılanıb. K. Ağayevin suala cavabı isə belə olub: "Əvvəlcə nəticə verək, sonrasını Allah bilər".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo oyunu saat 20:00-da başlayacaq.
Milli.Az