Azərbaycan və Türkmənistan tələbələri təhsil məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar

21:28 23 Aprel 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+


Aşqabad, 23 aprel, AZƏRTAC
ADA Fondunun prezidenti Natiq Hacıyevin rəhbərliyi ilə “ADA” Universitetinin bir qrup tələbəsi ölkə ilə, təhsil sahəsi ilə tanışlıq, təcrübə və fikir mübadilələri aparılması məqsədi ilə Türkmənistanda səfərdə olub.
Səfər “ADA” Universitetinin rektoru, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Hafiz Paşayevin Türkmənistana səfəri zamanı Türkmənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə keçirdiyi görüşlər zamanı əldə edilən razılaşmaya əsasən həyata keçirilib.
Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə tələbələrə ölkə barədə müvafiq məlumat və lazımi tövsiyələrini verərək onlara uğurlar arzulayıb.
“ADA” Universitetinin tələbələri Türkmənistan Xarici İşlər Nazirliyində, bu qurumun nəzdindəki Beynəlxalq Münasibətlər İnstitutunda və Türkmənistanda yeni fəaliyyətə başlayan Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetində görüşlər keçirib, diplomatiya sahəsində təhsil alan türkmənistanlı tələbələrin təhsil sistemi və təhsil şəraiti ilə yaxından tanış olub, bu istiqamətdə müəyyən fikir mübadilələri aparıblar.
Səfər çərçivəsində azərbaycanlı tələbələr Aşqabadın görməli yerlərini, tarixi abidələri və muzeyləri ilə tanış olublar.
“ADA” Universitetinin tələbələri Azərbaycanın Türkmənistandakı səfirliyində də olublar. Səfirliyin əməkdaşları ilə keçirilən görüşdə müşavir Zəbi Axundov tələbələrin suallarını cavablandırıb, səfirliyimizin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Turkmenistan_telebeleri_tehsil_meseleleri_ile_bagli_fikir_mubadilesi_apariblar-849268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR