"Neftçi"nin prezidenti Kamran Quliyev Topaz Premyer Liqasının 7-ci turunda evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, ilk olaraq qələbəni şərh edib:

- Komandanı təbrik edirəm. Bu qələbə bizim üçün əlavə bir stimul oldu. Bildiyiniz kimi, bu yaxınlarda futbolçumuz Karikarinin anası dünyasını dəyişib. Bu qələbəni futbolçular ona həsr ediblər. Biz ona bir dəstək mesajı verdik. Bu, komandanın içindəki ab-havanın göstəricisidir. Hər oyun çətindir. Ötən tur "Səbail"i 4:0 hesabıyla məğlub etdik. Amma bütün komandalarla oyunda rəqiblər sanki son oyununa çıxmış kimi mübarizə aparırlar. "Neftçi" bu il daha yaxşı nəticələr göstərir. Çox tez hesabı açdıq. Lazım olan vaxtda da ikinci qolu vurduq.

- İlk dövrəni çempion kimi başa vurdunuz. Geridə qalan 7 matçda "Neftçi"ni istədiyiniz kimi görə bildinizmi?

- "Qarabağ" qalan son oyununu böyük hesabla udsa, birinci dövrənin çempionu ola bilər. Amma mən inanmıram. Biz demək olar ki, maksimum xal toplamışıq. "Qarabağ"la oyunu çıxmaq şərti ilə, bütün qarşılaşmalarda qələbə qazandıq. Ümumən, komanda arasında əlaqələr indi-indi möhkəmlənir, bərkiyir. Yenə deyirəm, komandamızda ab-hava çox gözəldir. Bu da oyunumuza təsir edir. Gündən-günə daha yaxşı oynayırıq. Burada həm də məşqçi işi görünür. Özünüz də gördünüz ki, oyunun sonunda azarkeşlər Bordinin adını səsləndirərək, alqışladılar. Ola bilər ki, hələ tam görmək istədiyimiz "Neftçi" bu deyil.

- Müdafiədiki boşluqlar hiss olunur. Anton Krivotsyukun yoxluğunda Slavko Braliçin onu siğortalaya bilmədiyi görünürdü. Fiziki cəhətdən çatdırmırdı. Ümumiyyətlə, necə düşünürsüz, Ruslan Abışovun da yoxluğu komandaya problem yaratmayacaq? Müdafiəçi transferi olacaq, yoxsa?

- Əvvəlcə onu deyim ki, komandamız son illərdəki ən yaxşı müdafiə oyunu ilə seçilir. Yeddi oyuna qapımızda cəmi üç top görmüşük. Bu, çox yaxşı haldır. Qapıçımız Səlahət Ağayevi də qeyd etmək istərdim. Hər oyun bir neçə önəmli seyvlər edir. Məncə, millidə artıq sağlam rəqabət var. Eyni zamanda, Ruslan Abışov da həm bizim kapitanımız, həm də komandanın lideridir. Ruslan oynamasa belə, heç bir matçda komandanı tək buraxmır. Abışov artıq məşqlərə başlayıb. İnanıram ki, onun qayıdışı bizim etibarlı müdafiəmizi daha da möhkəmləndirəcək. Qışdakı məsələləri, yəni transferi danışmaq üçün tezdir.

- Transfer pəncərəsinin açılmağını gözləyirsiniz?

- Transfer olacaqsa, bu, baş məşqçimiz və idman direktorumuzun qərarı əsasında ola bilər. Bu söhbətlərdə mən sadəcə maaliyyə məsələlərinə qatıla bilərəm. Transfer işləri mən düşünürəm ki, ikinci dövrənin 4-5 oyunundan sonra daha dəqiq bilinəcək.

- Çempionluq uğrunda əsas rəqibiniz "Qarabağ"dır. Çempion olacağınıza nə qədər inamınız var?

- Oyundan-oyuna bu inam artır. Bilirsiz, ilk turlarda müəyyən problemlər var idi. Qazandığımız nəticələr təsadüfi deyildi. Buna görə də oyundan-oyuna insanda inam daha çox artır. Məsələn, baxımlı qollar vururuq. Ötən tur da gözəl qol vurduq. Bunlar çempionatın yaraşığıdır. Bu oyun da ən yaxşı oyunumuz olmasa belə, hesab edirəm ki, komandamız oyunun 60-70 faizini göstərə bilib. Fikrimcə, indidən mayda, apreldə nə olacağı haqda komanda düşünməməlidir. Qarşıdakı oyuna köklənməlidir.

- "Zirə"nin baş məşqçisi Samir Abasov açıqlama verib ki, "Qarabağ"la layiqincə rəqabət aparacaq bir nömrəli klub "Qəbələ"dir. Bu barədə nə deyə bilərsiniz?

- Nə deyim sizə? Samir Abasova uğurlar arzulayıram(gülür).

- "No comment"?

- "No comment"(gülür).Nə deyim? Nəsə desəm, düz olmaz. O, öz fikrini deyir. Mən öz komandam haqda danışa bilərəm. "Neftçi"də hal-hazırda yaxşı işlər gedir. Bu, komanda sayəsindədir. Azarkeşlərimizə də çox sağ ol demək istəyirəm. Bu havada gəlib, dəstək verdilər. İstəyərdik ki, tribunalarımızda daha çox azarkeş görək.
Milli.Az