Moskvada Azərbaycan və Rusiyanın tanınmış müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsi anılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Müslüm Maqomayevin vəfatının 10-cu ildönümündə müğənninin yaxınları və dostları, yaradıcılığının pərəstişkarları onun Moskvadakı abidəsinin ətrafına toplaşıblar.
Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya musiqiçinin xatirəsini anmağa gələnlərə minnətdarlığını bildirib. O qeyd edib ki, Müslüm Maqomayevin xatirəsinin yaşadılması onu hər zaman yaşadacaq. T.Sinyavskaya xatırladıb ki, Maqomayevin adı Azərbaycanda sərnişin gəmisinə verilib, Rusiyada isə "Aeroflot" təyyarələrdən birini onun şərəfinə adlandırılıb. T.Sinyavskaya deyib: "Maqomayevin xatirəsi buraya toplaşanların da, burada olmayanların da qəlbində yaşayır. Yaşamaq üçün bu özünəməxsus stimulun mənası ondan ibarətdir ki, bu xatirəni təkcə öz qəlbimizdə deyil, həm də onu sevənlərin və xatırlayanların və ümidvaram ki, hələ bundan sonra da sevəcək insanların qəlbində yaşadaq".
Anma mərasimində "Crocus Group" şirkətinin prezidenti, Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təsisçisi Araz Ağalarov, rəssam Aleksandr Şilov, "Gelikon-opera" teatrının baş direktoru və bədii rəhbəri Dmitri Bertman, Gürcüstanın və Rusiyanın opera müğənnisi, SSRİ Xalq artisti Makvala Kasraşvili, M.Maqomayev adına V beynəlxalq musiqi müsabiqəsinin qalibi Elmira Qaraxanova və digərləri çıxış ediblər.
Azərbaycanın Xalq artisti Emin Ağalarov AZƏRTAC-ın müxbiri ilə müsahibəsində qeyd edib ki, Müslüm Maqomayevin xatirəsi yaşayır, əbədidir. "İnanmaq çətindir ki, Müslüm Maqomayevin ölümündən bu qədər çox müddət keçib. Heyif ki, Müslüm Məhəmmədoviçin anma tədbirlərinə hər il gələnlərin də çoxu artıq həyatda yoxdur. Zaman keçir... Lakin zaman keçdikcə belə, 10 ildən sonra biz görürük ki, Müslüm Maqomayevin xatirəsi yaşayır, bu xatirə əbədidir, onun şəxsiyyətinin miqyası, onun musiqi mədəniyyətinə töhfəsi daha çox bəlli olub", - deyə E.Ağalarov qeyd edib.
Emin Ağalarovun sözlərinə görə, onun sənət yoluna Müslüm Maqomayev yaradıcılığının çox böyük təsiri olub. Müğənni deyib: "Mən kiçik yaşlarımdan Maqomayevin musiqisini dinləyir, onun mahnılarını oxumağa cəhd edirdim. Onun yaradıcılıq yoluna nəzər salarkən, şəxsi yaradıcılığına münasibətdə düzgün qərar qəbul etmək mümkündür. Müslüm Maqomayev qarşıya qoyulan məqsədə nail olmaq üçün nümunə və etalondur".
Milli.Az