"Mən bu qurultayda çıxış edərkən ümumilli lider Heydər Əliyevin "dünyada müəllim peşəsi kimi ikinci şərəfli peşə tanımıram" sözü yadıma düşür. Bu kəlimlərdə həqiqətən də böyük həqiqət var".

Metbuat.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov müəllimlərin XV qurultayındakı çıxışı zamanı bildirib. Əli Əhmədov bildirib ki, insanın formalaşmasında, həyat öyrənməsində valideynlərlə yanaşı müəllimlərin böyük rolu var. İnsanın, cəmiyyətin, dövlətin inkişafında müəllimlərin üzərinə böyük vəzifə düşür. Azərbaycan müəllimləri bu işi şərəflə görürlər. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə müəllimlərə, məktəblərə yüksək qiymət verilməsi baş xətti təşkil edir. Təhsilin inkişafı dövlətin əsas prioritet məsələlərindən biridir.

Müəllimlərin daha yaxşı təhsil verməsi üçün bütün imkanlar yaradılmaqdadır. Son 15 ildə təhsilin infrastrukturu üçün də böyük işlər görülüb, 3500-ə yaxın məktəb tikilib və ya təmir edilib. Bu fakt özü də Azərbaycan dövlətinin, prezident İlham Əliyevin təhsilin inkişafınə nə qədər önəm verdiyinin göstəricisidir. Ölkəmizdə təhsilin inkisafı, müəllimlərin həyat səviyyəsinin yüksəldilməsi üçün böyük islahatlar həyata keçirilir. İnanıram ki, əsası qoyulan bu islahatlar gələcək illərdə təhsili yeni pilləyə qaldıracaq. Təhsil strategiyasının keyfiyyətinin artırılması yeni inkişaf mərhələsindən xəbər verir. Azərbaycan cəmiyyəti təhsil sahəsindəki islahatların faydasını görməkdədir.

Baş nazirin müavini bildirib ki, yeni hədəflərə çatmaq üçün mühüm amillərdən biri də yeni texnologiyaların yaradılmasıdır. Ölkələr zənginlik və inkisafdakı nailiyyətlərə görə yüksək təhsilə borcludur. Təhsilin milli sərvətə cevrilməsi qarşıdakı illərdə əsas vəzifələrdən biridir. Digər mühüm vəzifə təhsildə rəqabət qabiliyyətinin artırılmasıdır. Əli Əhmədov bildirib ki, dünyada ölkələr arasında böyük rəqabət mübarizəsi gedir. Bu mübarizədə yalnız o ölkələr qalib gələcək ki, təhsilə, yeni texnologiyaların inkişafına böyük önəm verir. Təhsil Azərbaycanın da rəqabət qabiliyyətinin artmasına töhfə verən ən mühüm amillərdən biridir. Qarşıda duran mühüm vəzifələrdən biri təhsilin, elmin həyat səviyyəsini artırmağa təsiridir. Təhsil həm məşğulluğun artırılmasına xidmət etməli, digər tərəfdən də həyat səviyyəsinin artırılmasıma xidmət etməlidir.

Baş nazirin müavini bildirib ki, təhsilli şəxslər daha az təhsilli şəxslərdən 3 dəfə yüksək əmək haqqı alır. Eyni zamanda aşağı təhsilli şəxslər işlərini daha tez-tez itirməyə məruz qalır. Əli Əhmədov bildirib ki, digər mühüm vəzifələrdən biri də nəzəri biliklərlə yanaşı bacarıqların daha da artırılmasıdır. Məktəblər bilavasitə vərdişlərin və bacarıqların öyrədilməsinə böyül önəm verməlidir. Əli Əhmədov eyni zamanda özəl təhsilin də önəmini vurğulayıb. Baş nazirin müavini eyni zamanda bildirin ki, müəllim, şagird və valideynlər arasında birlik olmalıdır. Bu təhsilin inkişafına, demokratikləşməsinə böyük töhfə verir. Baş nazirin müavini bildirib ki, neqativ hallarla mübarizə də təhsilin inkisafında böyük rol oynayır. Təhsil Nazirliyinin neqativ hallarla mübarizə üçün böyük işlər gördüyünü qeyd edən Baş nazirin müavini bildirib ki, təəssüf ki, hələ də bu cür hallar var. Bununla mübarizə üçün isə daha da böyük işlər görülməlidir.

Günay Elşadqızı / Metbuat.az

Foto: Müzəffər İsmayılov