Həftəsonu Avropanın aparıcı ölkələrinin çempionatlarında bir-birindən maraqlı oyunlar keçiriləcək.

Milli.Az Top Liqalarda ən çox diqqət çəkən qarşılaşmaları təqdim edir.

"Liverpul" - "Mançester Yunayted"

Premyer Liqaya fantastik başlayan və 16 oyunda 13 qələbə qazanıb yalnız 3 görüşdə heç-heçə edən "Liverpul" 42 xalla turnir cədvəlinin lideridir. "Mançester Yunayted" 26 xal toplayıb və zirvədən çox uzaqdır. İngiltərənin ən titullu 2 klubunun oyunu hər zaman maraqla gözlənilib. Əzəli rəqiblərin derbisində favorit ev sahibləri hesab olunur. Lakin "Mançester Yunayted" də məğlub olmaq niyyətində deyil. Joze Mourinyonun komandası qələbə qazanıb 5-ci pillədəki "Arsenal"la xal fərqini azaltmağa çalışacaq. İngiltərənin ən böyük derbisi bazar günü Bakı vaxtı ilə saat 20:00-da başalayacaq.

"Mançester Siti" - "Everton"

Lider "Liverpul"un ən yaxın təqibçisi olan "Mançester Siti"ni asan sınaq gözləmir. "Şəhərlilər"in qonağı "Everton" olacaq. "Liverpul"un "Mançester Yunated"lə oyunda xal itirmək ehtimalını nəzərə alan Qvardiola qələbə qazanıb yenidən lider olmağın planlarını cızır. "Everton"da 3 xal arzusundadır. Liverpul təmsilçisi qələbə qazanacağı təqdirdə "Mançester Yunayted"i qabaqlaya bilər. Təbii ki, "qırmızı şeytanlar"ın derbidə xal itirəcəyi halda. "Mançester Siti" - "Everton" görüşü bu gün saat 16:30-da start götürəcək.

"Torino" - "Yuventus"

Avropada həftənin ən maraqlı oyunlarından biri də İtaliyada olacaq. Turin derbisinda "Torino" doğma meydanda əzəli rəqibi "Yuventus"u qəbul edəcək. Komandaların turnir cədvəlindəki mövqeləri və hədəfləri fərqlidir. 15 oyunda 43 xal toplayan "Yuventus" çempionluq, 22 xalı olan "Torino" isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Lakin buna baxmayaraq derbilərdə favorit olmur. Turin şəhərini təmsil edən komandaların duelinin start fiti bu gecə saat 23:30-da səslənəcək.

"Levante" - "Barselona"

La Liqada ən maraqlı mövsümlərdən birini izləyirik. Lider "Barselona" bu həftə "Levante" səfərində olacaq. Ən yaxın izləyicisi "Sevilya" ilə 3 xallıq fərqi qorumaq niyyətində olan "Barselona" yalız qələqə haqda düşünür. "Levante" də asan rəqib deyil. Meydan sahibləri qalib gəlib 5-ci pilləyə yüksəlmək şansından yararlanmaq istəyəcək. "Levante" - "Barselona" oyunu bazar günü baş tutacaq və saat 23:45-də başlayacaq.

"Borussiya" (Dortmund) - "Verder"

Almaniya Bundesliqasında lider "Borussiya" doğma divarlar arasında "Verder"i qəbul edəcək. 14 turdan sonra məğlubiyyətin nə olduğunu bilməyən Lusyen Favrın yetirmələri növbəti 3 xalı qazanıb rəqibləri üçün əlçatmaz olaraq qalmağa çalışacaq. "Verder"ə gəlincə, bremenlilər heç də asan rəqib deyil. "Musiqiçilər" 21 xalla 9-cu pillədədir və daha yuxarı qalxmaq üçün səy göstərəcəklər. "Borussiya" - "Verder" matçı bu gün saat 21:30-da oynanılacaq.

"Başakşəhər" - "Qalatasaray"

Türkiyə Super Liqasında ən maraqlı həftələrdən biri yaşanır. Lider "Başakşəhər"in qonağı 7-ci pillədə qərarlaşan "Qalatasaray"dır. Ev sahibləri qələbə qazanıb çempionluq yarışında ən vacib rəqiblərindən birini sıradan çıxarmaq istəyir. Abdulla Avcının komandası qalib gəlsə, "cim bom"la xal fərqini 11-ə yüksəldəcək. "Qalatasaray" isə qələbədən başqa heç bir nəticə haqda düşünmür. Fatih Terim səfərdən uğurlu nəticə ilə dönüb çempionluq yarışında favorit olduqlarını gösətrməyin planlarını cızır. "Başakşəhər" - "Qalatasaray" görüşü bu gün saat 20:00-da baş tutacaq.

"Beşiktaş" - "Trabzonspor"

Super Liqada turun ən vacib oyunlarından biri də "Vodafon Park"da baş tutacaq və çempionluğa iddialı 2 komanda üz-üzə gələcək. "Beşiktaş" "Trabzonspor"u qəbul edəcək. 25 xala mailk olan hər iki komanda qələbə qazanıb lider "Başakşəhər"ə yaxınlaşmaq haqda düşünür. İstənilən xal itkisi həm "Beşiktaş"a, həm də "Trabzonspor" baha başa gələ bilər. Bu oyun bazar günü olacaq və saat 20:00-da start götürəcək.

Elçin Əlixan
Milli.Az