Yol polisi Tahir Kərimlini əsassız danışmaqda ittiham etdi

Yol polisi Tahir Kərimlini əsassız danışmaqda  ittiham etdi
23:17 18 Dekabr 2018
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Xalq arasında radar kimi tanınan texniki cihaz yollarda təhlükəsizliyin təmin olunması baxımından zəruri hesab edilir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Milli Məclisin deputatı Tahir Kərimlinin çıxışını şərh edərkən deyib.

Xatırladaq ki, Tahir Kərimli bu günlərdə Milli Məclisdə radarlarla bağlı cərimələrin ləğv olunmasını təklif edib. O, qanunvericilikdəki bu cəzaların əhəmiyyətini itirdiyini deyib: "Telefonlara yüklənilə bilən müxtəlif proqramlar vasitəsilə sürücü yolun hansı hissəsində radarın olduğunu müəyyən edə bilir. Sürücü radarın harada olduğunu bildikdən sonra sürət həddini aşağı salır. Belə olan halda, qanunvericilikdəki həmin cəzaların nə əhəmiyyəti var ki?! Təklif edirəm ki, İnzibati Xətalar Məcəlləsindən həmin müddəalar çıxarılsın".

Deputat bununla yanaşı qeyd edib ki, digər məsələlərlə bağlı cəzalar sərtləşdirilməlidir: "Siqnallara, dayan-durma qaydalarının pozulmasına, piyadaların yolda telefonla danışmasına görə isə cəzalar sərtləşdirilməlidir. Piyada bir dəfə 50 manat cərimə edilərsə, daha qaydanı pozmaz. Piyadalar telefonla danışa-danışa yolu keçirlər, baxmırlar ki, maşın gəlir... Şəhərdə sürücülər yersiz siqnal verirlər, bunun qarşısını almaq lazımdır, cəzalar sərtləşdirilməlidir. Yaşayış binaların yaxınlığında tıxac olanda orada yaşayanlar yata bilmirlər".

Yol polisi də öz növbəsində deputatın arqumentlərinin əsassız olduğunu deməyə gecikməyib. Əsədov hesab edir ki, deputatın dediklərinin qanuni əsası yoxdur.

"Təbii ki, sürücülər radarların harada olduğunu yaxşı bilirlər. Amma bu, onlara yol hərəkəti qaydalarını radarların olmadığı yerlərdə pozmaq hüququ vermir" - deyə Əsədov bildirib.

Onun fikrincə, bu gün radarlar elə məsafədə quraşdırılıb ki, əgər qaydanı pozan sürücü onlardan birinə düşməsə, digərinə mütləq düşəcək.

"Əgər Dövlət Yol Polisinin statistikasını analiz etsək görərik ki, radarlar və onlardan düzgün istifadə sayəsində ölkədə qəzaların, onların nəticəsində ölüm və zərərçəkmə halların sayı əhəmiyyətli dərəcədə azalıb. Mən hesab edirəm ki, onlar yol polisinə əziyyət çəkmədən yollarda təhlükəsizliyi təmin etməyə imkan verir" - Əsədov deyib.

Deputatın təklifinin real vəziyyəti nə dərəcə əks etdirdiyiniyol hərəkəti üzrə ekspert Azər Allahverənov da şərh edib. O, deputatın dideklərinin əksini düşünür.

"Mənim bu məsələ ilə bağlı fikrim fərqlidir. Biz hamımız bilirik ki, il ərzində yol hərəkəti sferasında böyük həcmdə inzibati qanun pozuntuları baş verir. Onların yarıdan çoxu sürət həddinin aşılması nəticəsində baş verir. 2017-ci ilin nəticələrinə görə, Azərbaycanda 2,5 milyondan çox inzibati qanun pozuntusu qeydə alınıb. Sürücülərə yazılan protokolların yarıdan çoxu yollara qoyulan sürət həddinin aşılması ilə bağlıdır" - deyə Allahverənov bildirib.
Ekspertin sözlərinə görə, sürət həddinin aşılması problemi bu gün də aktualdır. Baxmayaraq ki, respublikanını avtomobil yollarında böyük sayda radarlar, i-Patrul avtomobilləri, mobil telefonlardakı tətbiqlər var, yüksək sürət sürücülərin, sərnişinlərin və piyadaların həyatına potensial təhlükə olaraq qalır.

Sürücülərin çoxu xüsusi mobil tətbiqlərdən və cihazlardan istifadə etsə də, radarları nəzərə alır. Lakin yenə də avtomobil sahibləri sürət həddinin aşılmasına görə, cərimələnir.

"Belə olan təqdirdə ortaya belə bir sual çıxır ki, onda bəs bütün bu tədbirlər nəyə lazımdır? Mən Bakıdan Qazaxa gedirəm. Arada kifayət qədər böyük məsafə - 500 km var. Mən bu yolda radarın olmadığı yeri xatırlamıram. Sürət həddinə fikir verərək gedirəm və mənzil başına da nəzərdə tutduğum vaxtda çatıram. Bizim yollarda müəyyənləşdirilmiş sürət həddi kifayət qədər qənaətbəxşdir və tamamilə yaxşı tənzimlənib" - deyə ekspert bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/713758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR