Bakı. Trend:

Əvvəli burada

2-ci hissə

Təkliflər vətəndaş istəyindən yaranır

Vətəndaşların cəmiyyət qarşısında məsuliyyətinin və vətəndaşlıq mövqeyinin göstəricisi olan təkliflər həmişə böyük maraq doğurduğundan onlar ətraflı təhlil edilir, öyrənilir və məqsədəuyğun hesab edildikdə, aidiyyəti qurumlarla birlikdə baxılır.

Təkliflərin müxtəlif mövzuları əhatə etməsi vətəndaşların fəallığını, respublikada baş verən proseslərə, tarixi keçmişimizə və gələcəyimizə biganə qalmadıqlarını, bu proseslərdə yaxından iştirak etmək arzularını əks etdirir.

Əvvəlki illərdə olduğu kimi, keçən il də daxil olan təkliflərin xeyli hissəsi ulu öndər Heydər Əliyevin adının daha geniş əbədiləşdirilməsi barədə olmuşdur və bu təkliflər ona olan tükənməz xalq məhəbbətinin bariz nümunəsidir. Belə müraciətlər Ümummilli Liderimizin adına yeni parkların salınması, müxtəlif mükafatların təsis edilməsi və sair məsələlər barədədir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi sayəsində UNESCO-nun qərarı ilə Bəşəriyyətin Qorunan Maddi Mədəni İrs üzrə Siyahısına salınmış kamança ifaçılığı sənətinin təbliği, həmçinin kamança alətinin istehsalının genişləndirilməsi, vaxtilə Azərbaycandan aparılmış və hazırda dünyanın müxtəlif yerlərində saxlanılan maddi mədəniyyət nümunələrinin və sənədlərin tapılıb Vətənimizə qaytarılması üçün görülən xeyirxah işlərin davam etdirilməsi barədə yazılanlar maraq doğuran təkliflərdəndir.

İctimai-siyasi məsələlərə də öz münasibətini bildirən vətəndaşlar Azərbaycanda sosial şəbəkələrdə yol verilən, ölkənin, xalqın imicinə xələl gətirən, bəzən bütün etik və siyasi davranış qaydalarını pozan şəxslərə qarşı sərt tədbirlər görülməsini tələb edir, televiziya proqramlarında xalqımızın milli-mənəvi dəyərlərinə uyğun gəlməyən verilişlərin qarşısının alınmasına dair təklif, fikir və düşüncələrini bildirirlər. Bu məzmunda olan çoxsaylı müraciətlər ölkə Prezidenti cənab İlham Əliyevin hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə 2018-ci il iyulun 13-də keçirdiyi iclasda dediyi fikirləri bir daha təsdiq edir: “Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır”.

Təhsil, səhiyyə və sosial məsələlərlə bağlı təkliflərdə vətəndaşlar bu sahələrin inkişafı barədə öz mülahizələrini və arzularını bildirir, o cümlədən ölkə üzrə "Yeni məktəb modeli necə olmalıdır" adlı müsabiqə elan edilməsini, orta təhsil sistemində aparılan islahatların davam etdirilməsini, həmçinin müəyyən kənd məktəblərinin təmiri və daha müasir avadanlıqlarla təmin olunmasını, icbari tibbi sığorta hesabına müalicə ediləcək xəstəliklərin siyahısının və proqramın tətbiq dairəsinin daha da genişləndirilməsini təklif edirlər.

Vətəndaşlar ölkədə aparılan quruculuq işlərinə uyğun olaraq təkliflərinin yaşadıqları əraziləri daha da gözəlləşdirəcəyinə əmindirlər. “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri hər bir Bakı sakininin ürəyincədir. Vətəndaşlar burada müasir parkların, geniş yolların salınmasına sevindiklərini, belə abadlıq işlərinin başqa yerlərdə də aparılmasını arzuladıqlarını bildirirlər. Nərimanov rayonunun Təbriz küçəsində, Xəzər rayonunun Buzovna qəsəbəsində və başqa yerlərdə aparılan abadlıq və yenidənqurma işlərində milli arxitektura ənənələrindən istifadə edilməsi barədə fikirlər də maraq doğurur.

Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli qəhrəmanların və şəhidlərin, görkəmli şəxslərin və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi, müxtəlif şəhər və rayonlarda yeni salınmış küçə və massivlərə onların adlarının verilməsi barədə fikirlər və təkliflər də az deyil.

Kənd təsərrüfatına aid müraciətlərdə arıçılığın inkişafı, bal və bal məhsullarının satışı yarmarkalarının ilboyu təşkili, həmin məhsulların xarici bazarlara çıxarılması üçün müvafiq tədarük və satış mərkəzlərinin yaradılması, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinin davam etdirilməsi, emal müəssisələrinin sayının daha da artırılması barədə təkliflər diqqəti cəlb edir.

Ekologiya məsələlərinə aid müraciətlərdə şoranlaşmış torpaqların bərpasının, ekoloji mühitin tənzimlənməsinin, Xəzər dənizində çirklənmənin qarşısının alınmasının, dənizin fauna və florasının qorunmasının davam etdirilməsi barədə fikir və mülahizələr bildirilir.

Cənab Prezidentin idman sahəsində apardığı uğurlu siyasət nəticəsində qazanılan nailiyyətlərdən bəhs edilən müraciətlərdə məcburi köçkünlər üçün salınan şəhərciklərdə idman məktəblərinin və idman zallarının fəaliyyəti barədə fikirlər yer alır.

Vətəndaşlar bəzi ucqar kəndlərdə gənclərin asudə vaxtını daha səmərəli keçirmələri üçün əlavə istirahət yerlərinin açılması, mədəniyyət ocaqlarının, tibb məntəqələrinin səmərəli fəaliyyəti üçün daha yaxşı şərait yaradılması barədə yazırlar.

Təkliflərin bir qismində “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin daha da genişləndirilməsi barədə fikirlər səsləndirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində yaxından iştirak etmiş görkəmli siyasi xadimlərin, bu işdə xüsusi xidmətləri olan ziyalılarımızın xalqa daha yaxşı tanıdılması, xatirələrinin yaşadılması da verilən təkliflər sırasındadır.

Vətəndaşlarımız əmin ola bilərlər ki, cəmiyyətin inkişafına xidmət edən təkliflər bundan sonra da diqqət mərkəzində olacaqdır.

Vətəndaş müraciətlərinin əsas devizi: “Sizə inanırıq, cənab Prezident!”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə vətəndaşlarının gündəlik qayğı və problemlərinin həlli, insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması, onların daha yaxşı yaşamasına imkan verən sosial infrastrukturun yaradılması, yeni enerji mənbələrinin istifadəyə verilməsi, bir sözlə, enerji, ərzaq və müdafiə təhlükəsizliyinin daha da gücləndirilməsi, ekoloji problemlərin aradan qaldırılması üçün dövlətdən asılı olan bütün işləri görməklə yanaşı, dövlət orqanlarından və bu orqanlarda çalışan hər bir vəzifəli şəxsdən vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasını tələb edir, bu sahədə özü onlara nümunə göstərir, respublikanın bütün bölgələrində, eləcə də Bakı şəhərində keçirilən tədbirlərdə vətəndaşların problemlərini öyrənir, onların həlli üçün konkret tapşırıqlar verir.

Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, müvafiq Qanunda göstərildiyi kimi, qanunçuluğun tətbiqi, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılması, müraciətlərə dair tələblərin vahidliyi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi, vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılmasıdır. Ölkə Prezidentinin bütün dövlət qurumlarından və vəzifəli şəxslərdən tələbi budur ki, həmin prinsiplər daim rəhbər tutulsun.

2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizi ərizə, 30,7 faizi şikayət, 0,3 faizi təklifdir. 2017-ci illə müqayisədə şikayətlərin faizi azalmışdır.

2018-ci ilin ictimai hadisələrlə zəngin olması, ən başlıcası, növbədənkənar prezident seçkiləri nəticəsində vətəndaşların ictimai-siyasi fəallığının artması müraciətlərin sayında da özünü göstərmişdir. Vətəndaşlar Azərbaycan Respublikası Prezidentinə və onun Administrasiyasına müraciət edərkən bu müraciətlərə mütləq baxılacağına və qanuna uyğun tədbirlər görüləcəyinə əmindirlər. Müraciətlərin hansı mövzuda, nədən yazılmasından asılı olmayaraq, onların hamısının əsas devizi ölkə Prezidentinə inamın ifadəsidir və vətəndaşların yekdil rəyini belə ifadə etmək olar: “Sizə inanırıq, cənab Prezident!”.

Cənab Prezidentin yerlərdə keçirdiyi görüşləri izləyərkən onun vətəndaşların problemlərinə göstərdiyi həssas münasibət və həmin problemlərin vaxtında həll edilməsi barədə verdiyi tapşırıq və tövsiyələr diqqəti cəlb edir. Yeni ilin ilk günlərindən ölkə Prezidentinin regionlara səfərləri davam etmiş və bu səfərlərin hər biri məhz vətəndaşların qaldırdıqları problemlərin həllinə xidmət etmişdir. Dövlət başçısı bu il yanvarın 14-də Qaradağ rayonunun Qobustan qəsəbəsində Mərkəzi Xəstəxananın açılışı mərasimində iştirak edərkən bu xəstəxananın bir neçə il əvvəl qəsəbədə olarkən ona edilən müraciət əsasında plana salındığını, bu məqsədlə vəsait ayırdığını, indi isə onun açılışında iştirak etdiyini və bundan məmnunluq duyduğunu vurğulayaraq demişdir: “Bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas, hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir”.

Cənab Prezident ölkənin dinamik inkişafından danışaraq qeyd edir ki, bu gün Azərbaycan dünya miqyasında seçilən o ölkələrdəndir ki, burada iqtisadi, sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır, o cümlədən səhiyyəyə göstərilən diqqət sayəsində son 15 ildə ölkəmizdə 600-dən çox xəstəxana və tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibb mərkəzi olmasın.

Prezident Administrasiyasına daxil olan müraciətlərin coğrafiyasının təhlili göstərir ki, onların sayı əvvəlki illə müqayisədə Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Mingəçevir, Naftalan, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Hacıqabul, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Oğuz, Saatlı, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonlardan artmışdır.

Vətəndaşların müraciətlərinin coğrafiyası, mövzusu, növləri ilə yanaşı, hər 1000 nəfərə düşən müraciətlərin sayı da böyük önəm daşıyır və bu göstərici yerlərdə vətəndaş müraciətlərinin dinamikası və ümumi vəziyyəti barədə daha aydın təsəvvür yaradır. 2018-ci ildə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Bakının Xətai, Xəzər və Sabunçu rayonları, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Saatlı, digər şəhər və rayonlarda daha yüksək olmuşdur.

Müraciətlərin ümumi sayının bir qədər artmasını həm də onunla izah etmək olar ki, indi internet şəbəkəsinin gündən-günə genişlənməsi Prezidentin rəsmi saytı, həmçinin bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının saytları vasitəsilə vətəndaşların eyni vaxtda eyni məzmunlu müraciətlərlə bir neçə ünvana elektron formada müraciət etməsinə imkan verir və onlar bu imkandan daha geniş yararlanırlar.

Müraciətlərin mövzularına nəzər saldıqda isə daha çox sosial müdafiə, dövlət qulluğu, hüquq mühafizə orqanlarının fəaliyyəti, o cümlədən əfv məsələləri, habelə mənzil, şəhərsalma və tikinti, nəqliyyat, maliyyə və bank, bələdiyyələrin fəaliyyəti və digər məsələlər üstünlük təşkil edir.

Ümumiyyətlə, 2018-ci ildə daxil olan müraciətlərin ümumi sayının vətəndaşlar üçün vacib olan bir çox mövzular üzrə azaldığını xüsusi qeyd etməliyik. Bunlar dövlət quruculuğu və qanunvericilik, sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı, korrupsiya ilə bağlı məsələlər, şəhər, rayon İHB aparatlarının fəaliyyəti, kənd təsərrüfatı məsələləri, o cümlədən kənd təsərrüfatı üçün kreditlərin və torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların tədarükü, emalı və satışı, meliorasiya və su təsərrüfatı məsələləri, habelə ipoteka və fərdi kreditlərin verilməsi, xaricdə təhsil, test imtahanları, təhsil haqqı və köçürmələr, diplomların verilməsi və tanınması, gənclik və idman, informasiya resursları və onların təhlükəsizliyi, ekologiya, yaşıllıqların və meşələrin mühafizəsi, müdafiə, orduya çağırış, hərbi qulluqçuların sosial müdafiəsi, əmək mübahisələri və işdən çıxarılma, əməkhaqqı, işlə təmin olunma, istilik təchizatı, elektrik sayğaclarının quraşdırılması, sosial mənzillə təmin olunma, fərdi yaşayış evlərinin qiymətləndirilməsi və kompensasiyaların verilməsi, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, yerli orqanlarda vətəndaşların qəbulu və müraciətlərə baxılması, miqrasiya və sair məsələlərdir.

Əvvəlki ilə nisbətən şikayətlərin az daxil olduğu sahələrdən biri vətəndaşlarımız üçün çox aktual olan təhsil məsələləridir və bunun üzərində bir qədər ətraflı dayanmaq lazım gəlir. Son illər bu sahədə aparılan ciddi struktur islahatları və təhsilin keyfiyyətini yüksəltmək üçün həyata keçirilən dəyişikliklər nəticəsində bu mövzuda müraciətlərin artımı müşahidə olunurdusa, islahatların tədricən başa çatması artıq öz bəhrəsini verməkdə və bununla bağlı müraciətlər azalmaqdadır.

Təhsili gənc nəsil üçün əsas istiqamət kimi müəyyən edən cənab Prezident 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən respublika toplantısında demişdir: “...bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir”.

2018-ci ildə Təhsil Nazirliyi tərəfindən bir sıra vacib tədbirlər həyata keçirilmiş, ölkə Prezidentinin təşəbbüsü ilə 43 regionda 8120 şagird yerlik 140-dan çox modul tipli məktəb quraşdırılmış və qəzalı vəziyyətdə olan bir çox kənd məktəblərinin problemləri həll edilmişdir. Bu il 100-dən çox məktəbin tikintisi nəzərdə tutulub.

Ölkə Prezidentinin sərəncamına əsasən 2014-2018-ci illərdə 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi yekunlaşdırılmışdır. Bu sınaqdan uğurla keçən müəllimlərin vəzifə maaşı 2 dəfə artırılmışdır. Son 5 ildə işə qəbul edilən 18 min 136 müəllimdən kənd məktəblərində fəaliyyətə başlayan 11 min 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Təsadüfi deyildir ki, 2018-ci ildə 500 və daha çox bal toplayan məzunlar arasında müəllim ixtisası seçənlərin sayı 2017-ci ilə nisbətən 53,6 faiz artmışdır. Bu sahədə müəyyən edilmiş prioritetlər, xüsusilə peşə təhsili istiqamətində işlər ardıcıl həyata keçirilir və Prezident İlham Əliyevin bu il yanvarın 16-da Sumqayıtda “SOCAR Karbamid” zavodunun açılışında qeyd etdiyi kimi, artıq “... Azərbaycanda çox güclü kadr potensialı yaradılmışdır, həm fəhlə kadrları, həm mütəxəssislər. Bu, son illər ərzində təhsil sahəsinə ayrılan diqqətin bariz nümuməsidir”. Təhsil sahəsində mövcud olan problemlərin həlli ardıcıl davam edir və bu sahədə şəffaflıq artdıqca müraciətlərin, xüsusilə şikayətlərin sayı ildən-ilə azalır.

Prezident Administrasiyasına daxil olan müraciətlərin azaldığı sahələrdən biri də əhalinin sosial müdafiəsinin əsas istiqamətlərindən olan məşğulluq və işlə təmin olunma məsələləridir. Son illərdə əhalinin məşğulluq səviyyəsini yüksəltmək üçün ölkə Prezidentinin təşəbbüsü ilə həyata keçirilən düşünülmüş tədbirlər sayəsində əhalinin məşğulluğu xeyli artmışdır, yeni iş yerlərinin yaradılması nəticəsində bu sahədə böyük irəliləyiş nəzərə çarpır. Bu irəliləyiş ölkə Prezidentinin 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş Məşğulluq Strategiyasının və “Məşğulluq haqqında” yeni Qanunun qəbul edilməsi, ənənəvi kənd təsərrüfatı və xalq sənəti sahələrinin inkişafına göstərilən qayğı nəticəsində əldə olunmuşdur. Ötən il 2017-ci ilə nisbətən bu mövzuda müraciətlərin sayı 10 faizədək azalmışdır. Təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq mərkəzləri vasitəsilə 2018-ci ildə 51774 nəfər işlə təmin edilmiş, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunmuş, 120 minə yaxın vətəndaşa peşə yönümü barədə məsləhətlər verilmişdir.

Azərbaycan Prezidenti 2019-cu il yanvarın 29-da keçirilən konfransda məşğulluq məsələləri üzərində xüsusi dayanaraq demişdir: “Dövlət qurumlarında aparılan struktur islahatları ... iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yeri açmalıdır”.

Ötən illə müqayisədə Prezident Administrasiyasına daxil olan müraciətlərin sayının azaldığı mövzulardan biri də kənd təsərrüfatı məsələləridir. Kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, saxlanması və satışına dəstək verilməsi, subsidiyaların ayrılması, aqrolizinq məsələlərinə nəzarətin artırılması bu mövzuda daha az müraciət edilməsinə səbəb olmuşdur. Cənab Prezidentin qeyd etdiyi kimi, strateji sahə olan aqrar sahə həm iqtisadi, həm də sosial sahədir. Əhalinin 47 faizinin kənd yerlərində yaşadığı nəzərə alınaraq son illərdə bu sahəyə göstərilən diqqət xeyli artırılmış, bununla da əhalinin məşğulluq probleminin həllinə ciddi yardım göstərilmişdir. Görülən tədbirlər nəticəsində Azərbaycan həm öz ərzaq təhlükəsizliyini təmin edir, həm də ixrac potensialını gündən-günə artırır. Bu sahədə innovasiyaların tətbiqi də diqqət mərkəzindədir. Ölkə Prezidenti 2019-cu il yanvarın 24-də Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun açılışında Elektron Kənd Təsərrüfatı layihəsinin təqdimatını müsbət qiymətləndirərək bir daha qeyd etmişdir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var və hazırda bu sahədə islahatlar uğurla davam etdirilir.

Kənd təsərrüfatının inkişafında əsas amillərdən biri olan meliorasiya və su təsərrüfatı məsələlərinə aid müraciətlərin sayının ötən il 6,2 faiz azalması da dövlət başçısının bu sahəyə müstəsna diqqətinin nəticəsidir. Son 15 ildə tikilən və tutumu 470 milyon kubmetr olan Taxtakörpü, Tovuzçay, Şəmkirçay, Göytəpə su anbarlarının, suvarma kanallarının və subartezian quyularının istifadəyə verilməsi həm yeni yaradılan aqroparkların, həm də fərdi fermer təsərrüfatlarının su təchizatında olan problemlərin həllinə imkan vermişdir.

2018-ci il 100 illiyini qeyd etdiyimiz Azərbaycan ədliyyəsi üçün də uğurlu il olmuşdur. Təməli ümumm