​"Uşağı metrlərlə sürüyüb" – Küçə itinin dişlədiyi Hüseynin atası DANIŞDI –

"Deyirlər, 40 gün ərzində əgər quduzluq sinir sisteminə toxunarsa qarşısını almaq olmaz"

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 4 yaşlı uşağı it dişləyib.

Metbuat.az ARB TV-yə istinadla xəbər verir ki, itin hücum edərək 4 yaşlı Hüseynin üzünü parçalaması hadisəsi sahibsiz itlərlə bağlı məsələni yenidən gündəmə gətirib.

Məlum olub ki, sahibsiz itlər nəinki paytaxt sakinlərini, hətta onların övladları üçün də təhlükə mənbəyinə çevrilib.

Qismət Məmişov – Uşağın valideyni: "Uşağın sifətini dartıb qoparıb. Metrlərlə sürüyüb. Uşağın səsinə qonşular gəlib. İt buraxıb, gedib. Uşağın vəziyyəti hal-hazırda yaxşıdır. Amma qaranti verilmir. Deyirlər 40 gün ərzində əgər quduzluq sinir sisteminə toxunarsa qarşısını almaq olmaz".

4 yaşlı Hüseynin atası deyir ki, it övladını qonşunun uşağı ilə oynadığı vaxt dişləyib. Hüseynə hücum edən it uşağı dişləyərək onu xəstəxanalıq edib.

Həsən Yəhyayev – Həkim: "Quduz əleyhinə zərdab vurulub, vaksinasiya edilib. Hazırda xəstənin vəziyyəti kafidir".

İt isə uşağı dişləyəndən sonra ölüb. Bilənlər bilir ki, bu hal itin quduz olmasının göstəricisidir. Ağırlıq dərəcəsi müxtəlif olsa da bu cür hadisələr çox yaşanır. Ötən il ərzində 20 min nəfəri it dişləyib. Bu ilin birinci rübünün də rəqəmləri var, 5 min. Bəli, ilk 3 ayda 5 min nəfəri it dişləyib.

Paytaxtın mərkəzində eləcə də şəhərətrafı kənd və qəsəbələrdə sahibsiz itləri görmək adi hala çevrilib. Bundan ən çox narahat olan isə valideynlərdir. Baş verən xoşagəlməz hadisələrdən belə məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir.

Azərbaycanda sahibsiz küçə itlərinin toplanaraq zərərsiz hala gətirilməsi ilə məşğul olan özəl təşkilatlar olsa da itlərin sayının çoxluğu vəziyyəti bir qədər qəlizləşdirir. İnsanların özlərinin də bu məsələdə ayıq-sayıq davranması vacibdir. Xüsusilə sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdə, qaranlıq dalanlarda gedərkən ehtiyyatlı olmaq, uşaqları isə ümumiyyətlə belə yerlərdə tək buraxmamaq lazımdır.

Hüseynin vəziyyətinə gəlincə, Heydər Əliyev Fondunun Regionla İnkişaf İctimai Birliyi uşağın bundan sonrakı müalicəsində eyni zamanda üz nahiyyəsində müəyyən əməliyyatlara ehtiyac olduğu halda dəstək göstərəcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR