Yeni Azərbaycan Partiyasının qərargahında “Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” mövzusunda tədbir keçirilib.

Metbuat.az-ın məlumatına görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkilləri, tarixçilər, vətəndaş cəmiyyətinin nümayəndələri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Əli Əhmədov bəşəriyyətin 100 ildir erməni yalanlarını dinlədiyini bildirib. Onun sözlərinə görə, qondar erməni soyqırıml yalanının 100 ildən çox davam etməsi onu göstərir ki, məkrli, iyrənc məqsədlərə xidmət edir. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək bildirib ki, qondarma “erməni soyqırımı"nın dünyaya yayılmasına cəhd göstərilməsi dünya tarixinin keçmişinə qarşı ədalətsizlikdir: “Biz bu yalanı dünyaya yaymağa çalışanları, bununla bağlı haqsız mövqe tutanları qınayırıq. Bu, əslində dünyanın keçmişinə, həqiqətə, ədalətə qarşı edilən haqsızlıqdır. Biz həqiqətləri ortaya çıxarırıq. Bu həqiqətlər üzə çıxdıqca erməni yalanları da üzə çıxır. Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamlar dünyanın gözü qarşısında baş verib. Bu qətliamı törədənlər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyada ən böyük haqsızlıqdır”.

Daha sonra çıxış edən Tarix İmstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib ki, ermənilərə qarşı soyqırımı törədilməsi ilə bağlı dünyada heç bir sübut yoxdur: "Ancaq bu gün Şərqi Anadoluda, Azərbaycanın müxtəlif ərazilərində kütləvi məzarlıqlar var. Özbəkistanda belə daşnaklar türklərə qarşı soyqırımı törədiblər. Ermənilər sonuncu dəfə Balkan yarımadasında yaşayıb, Bizans imperiyasına keçiblər. Bizansa xəyanət etdikdən sonra İrana gəlib, Armeniya adlı ərazidə yaşayıb, adlarını da buradan götürüblər. Ermənilər Kiçik Asiyanın qədim etnosu deyillər. Ermənilər Urmiya ətrafında 500 minə qədər azərbaycanlını qətlə yetiriblər. Yəni Şərqi Anadoluda etdikləri əməlləri Cənubi Azərbaycanda da ediblər. Naxçıvanda da qanlı əməllər törədiblər. Amma Naxçıvanda əhali birləşib, müqavimət göstərib, öz dövlətlərini yaradıblar. Bu gün də dünyada erməni terror təşkilatları var".

Millət vəkili Fəzail Ağamalı Deportasiya və Soqyrım Araşdırma Mərkəzinin yaradılmasını təklif edərək bildirib ki, 1989-cu il dekabrın 5-nin Qərbi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmalıdır. Millət vəkili Asim Mollazadə Azərbaycana qarşı aparılan müharibənin məqsədinin etnik təmizləmə olduğunu qeyd edib: "Çar Rusiyasının kəşfiyyatı tərəfindən ilk erməni terror təşkilatları 19-cu əsrin ortalarında Tbilisidə yaradılıb. Bu gün Qarabağı Azərbaycandan ayırmaq üçün bizim vəhşi obrazımızı yaratmağa, ermənilərlə bir yerdə yaşamağın mümkün olmadığını təlqin etməyə çalışırlar".

Millət vəkili Fazil Mustafa bildirib ki, Türkiyədə qondarma "erməni soyqırımı" ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməsinə, bu yöndə işlərin daha aktiv aparılmasına ehtiyac var. Sonda Əli Əhmədov bildirib ki, erməni yalanlarının dünyaya tanıdılması üçün Türkiyə və Azərbaycan birgə daha da böyük işlər görməlidir.

Günay Elşadqızı / METBUAT.AZ

Foto: İdrak Mustafayev