"Ölkədə müəllimlərə və təhsilə dövlət qayğısı yüksək səviyyədədir" -

5 oktyabr Müəllimlər Günü ərəfəsində prezident İlham Əliyevin Sərəncamı ilə müəllimlər fəxri adlar və “Tərəqqi” medalı ilə təltif olundu. Son illərdə müəllimlərin aylıq vəzifə maaşının iki dəfə, cari ilin sentyabrın 1-dən isə əlavə olaraq orta hesabla 20% artırılılması ölkəmizdə müəllimlərə verilən dəyərin getdikcə artdığının göstəricisidir.

Metbuat.az xəbər verir ki, bu müəllimlərdən biri də “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı”nın Ağdam rayon Komitəsinin sədri Xalidə Həsənovadır. 2013-cü ildə “Əməkdar müəllim” adını qazanan Xalidə Həsənova bildirib ki, ölkədə müəllimlərə və təhsilə dövlət qayğısı yüksək səviyyədədir:

“Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinə, təhsil işçilərinə həmişə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Bu gün onun siyasətini uğurla davam etdirən prezident İlham Əliyev də Azərbaycanın təhsilinə, təhsil işçilərinə eyni diqqət və qayğını göstərir. Mən özüm də dəfələrlə yaxşı işlərimə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsi, Beynəlxalq Həmkarlar Təşkilatı, rayon rəhbərliyi tərəfindən fəxri fərmanlara layiq görülmüşəm. Eyni zamanda 2013-cü ildən “Əməkdar müəllim” adına layiq görülmüşəm.

Azərbaycanda təhsilin inkişafı üçün ayrılan vəsait ilbəil artır. Müəllimlərin əmək haqqının artırılması üçün dövlət başçısı dəfələrlə Sərəncam imzalayıb. Bu gün ən ucqar kəndlərimizdə belə müasir tələblərə cavab verən məktəb binaları tikilir, təhsil işçilərinin, şagirdlərin istifadəsinə verilir. Ağdam rayonunda da son illərdə məcburi köçkünlərin məskunlaşması üçün qəsəbələr salınıb. Bu qəsəbələrin hər birində müasir tələblərə cavab verən məktəb binaları tikilərək şagird və məllimlərin istifadəsinə verilib. Buna görə də Ağdam təhsili durmadan inkişaf edir və yüksək balla ali məktəblərə daxil olan məzunlarımızın sayı ilbəil artır”.

Metbuat.az saytı olaraq 5 oktyabr Müəllimlər Günü münasibəti ilə Xalidə Həsənovanın timsalında respublikamızın bütün müəllimlərini təbrik edir, onlara bu şərəfli peşələrində uğurlar diləyirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)