Azərbaycanda bu il hər bir ölkə sakini ərzaq məhsullarına ayda orta hesabla 157 manat xərcləyib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3% üstələyərək 27,6 mlrd. manata bərabər olub.

Metbuat.az bildirir ki, Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ticarət dövriyyəsinin 13 947,1 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 630,3 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-sentyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6% və 3,35 artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 18,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Cari ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,9%-i ticarət müəssisələri, 49,7%-i fərdi sahibkarlar tərəfindən, 29,4%-i isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,9%, fərdi sahibkarlar üzrə 0,6% artıb, bazar və yarmarkalarda isə 6,3% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,8 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 156,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR