Heydər Əliyev Fondu Gürcüstanda konsert təşkil etdi - FOTO

Heydər Əliyev Fondu Gürcüstanda konsert təşkil etdi - FOTO
23:48 21 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən oktyabrın 21-də Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə konsert təşkil olunub.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbirdə çıxış edən səfir Dursun Həsənov konsertin təşkilinə göstərdiyi dəstəyə görə Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixi barədə məlumat verən səfir deyib ki, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində xalqımız milli müstəqilliyinə qovuşub. Bildirib ki, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, Azərbaycan dünya birliyində layiqli yerini tutub. Məhz Heydər Əliyevin səyi və uzaqgörən siyasəti nəticəsində reallaşan irimiqyaslı neft və qaz layihələri - Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz layihələri bu gün təkcə Azərbaycan xalqının deyil, qardaş gürcü xalqının da sosial rifah halının yaxşılaşmasına, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Diplomat qeyd edib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmiz daha qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilib. Bildirib ki, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, eləcə də Bakı-Tiflis-Qars layihələrinin nəinki Azərbaycanın, eləcə də bütövlükdə regionun inkişafında böyük rolu var. D.Həsənov Azərbaycan-Gürcüstan dostluğunun inkişafından söz açıb, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Sonra Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili çıxış edərək, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Qubernator ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsində prezidentlər Heydər Əliyev və Eduard Şevardnadzenin xidmətlərini xüsusi qeyd edib. O, regionda həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Sonra Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi aparatının rəhbəri Tina Qogeliani, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər.

Çıxış edənlər ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlət və hökumət rəhbərlərinin rolunu vurğulayıblar.

Azərbaycandan gəlmiş “Natiq ritm qrupu” və musiqiçilər maraqlı konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın xalq və bəstəkar mahnıları, milli musiqisi və saz havası yerli sakinlərdə xoş təəssürat yaradıb.

Tamaşaçılar "Sarı gəlin" xalq mahnısını, Müslüm Maqomayevin "Azərbaycan" mahnısını ayaq üstə alqışlayıblar.

Qeyd edək ki, konserti izləmək üçün paytaxt Tiflis və Rustavi şəhərlərindən, eləcə də, qonşu Bolnisi, Qardabani, Dmanisi rayonlarından da xeyli sayda azərbaycanlı Marneuliyə gəlmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/293737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR