Universitetlər magistraturaya qəbulun birmərhələli olmasına razıdırlar -

Ali təhsilin magistratura səviyyəsi üzrə qəbulun bəzi ixtisaslar üzrə birmərhələli olması ilə bağlı təkliflər Təhsil Nazirliyi və universitetlərlə müzakirə edilib.

Metbuat.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, universitetlər magistraturaya qəbulun birinci mərhələsinin nəticələri əsasında magistr qəbul etməyə razı olduqlarını bildiriblər.

M.Abbaszadə əlavə edib ki, lakin müəyyən ixtisaslar üzrə qəbulda ikinci mərhələ saxlanılacaq: "Bu yazı işi tələb olunan ixtisaslara bağlıdır. Daha dəqiq texniki məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkün olacaq".

DİM rəsmisi bildirib ki, gözlənilən bütün dəyişikliklər magistr olmaq istəyən gənclərin xeyrinədir: "Çünki imtahanlar asanlaşır. Ona görə də onlar üçün heç bir gözlənilməz sürpriz olmayacaq. Əgər yəni qaydalar təsdiq olunarsa, dəyişiklik 2020-ci ildən tətbiq olunacaq. Çünki magistraturaya sənəd qəbulu fevral və mart ayından başlanılır".

M.Abbaszadə deyib ki, bəzi ixtisaslar üzrə qəbul birmərhələli olduqdan sonra imtahan üçün nəzərdə tutulan ödənişin məbləği yenidən müəyyən ediləcək və bununla bağlı təkliflər müvafiq qurumlara təqdim ediləcək: "Yalnız onların qərarı əsasında rüsumda hansısa dəyişiklik ola bilər. Hələlik bizim tərəfdən belə bir təklif verilməyib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Media Savadlılığı