Bakı, 21 may, AZƏRTAC
Mayın 26-da Nizami Kino Mərkəzində tanınmış rejissor, xalq artisti Vasif Babayevin “Salnamə” studiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi “Yüksəliş” adlı tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına sədrlik etmiş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunub.
Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri - akademiklər Arif Paşayev və Arif Mehdiyev, ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərovdur.
Ekran əsərində 1970-1980-ci illərin xronikasını operatorlar Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov canlandırıblar.
Filmin redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.