Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində İctimai Elmlər Bölməsinin ilk iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə iclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli gündəlikdəki məsələlər barədə məlumat verib. Büronun qarşısında duran vəzifələrdən söz açan akademik söyləyib ki, AMEA rəyasət heyəti bu ilin aprelində keçirilən iclasında akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin iki ayrı bölmə kimi fəaliyyət göstərməsi ilə bağlı qərar qəbul edilib.
Akademik İ.Həbibbəyli bildirib ki, rəyasət heyətinin növbəti iclasında bölmələrin tərkibinin təsdiqi barədə qərarlar qəbul olunub. Belə ki, AMEA-nın müxbir üzvü Nərgiz Axundova İctimai Elmlər Bölməsi bürosunun sədri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev büronun müavini təyin olunublar. AMEA-nın həqiqi üzvləri Nailə Vəlixanlı, Teymur Bünyadov, o cümlədən AMEA-nın müxbir üzvləri İlyas Babayev, Gövhər Baxşəliyeva, Yaqub Mahmudov, Şahbaz Muradov və Məsumə Məlikova büronun üzvləri seçiliblər.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun “Dünya muzeylərində XV-XVI əsr Azərbaycan silahları” mövzusunda məruzəsi dinlənilib.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Tədbirdə, həmçinin İctimai Elmlər Bölməsinin fəlsəfə doktoru və elmlər doktoru proqramı hazırlığı üzrə doktorant və dissertantlarının 2015-ci il üzrə qəbul planının təsdiqlənməsi, Fəlsəfə və Hüquq İnstitutunun elmi tədqiqat işlərinin əhatəli planında dəyişiklik edilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda bir sıra kadr məsələlərinə baxılıb.