Bu gün Nizami Kino Mərkəzində “Yüksəliş” adlı tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

ANS PRESS-in məlumatına görə, film tanınmış rejissor, xalq artisti Vasif Babayevin “Salnamə” studiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.

Film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına sədrlik etmiş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunub.

Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri - akademiklər Arif Paşayev və Arif Mehdiyev, ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərovdur.

Ekran əsərində 1970-1980-ci illərin xronikasını operatorlar Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov canlandırıblar.

Filmin redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.