​Koronavirus xaricdə oxuyan azərbaycanlı tələbələrin təhsilinə necə təsir etdi? -

Koronavirus və karantin rejiminin ən çox təsir etdiyi sferalardan biri sözsüz ki, təhsil sahəsidir. Virusun yayıldığı digər ölkələrdə olduğu kimi Azərbaycanda da tədris prosesi bir neçə aydır ki, onlayn formada davam etdirilir. Artıq iyunun 8-dən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr üçün yaz imtahan sessiyasına start verilir. İmtahanlar COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə təşkil olunacaq.

Universitetlərin bir çoxu mövcud vəziyyətlə bağlı tələbələrə xüsusi güzəştlər də edib. Onların aralarında tələbələri imtahanlardan tamamilə azad edən, sualların sayını azaldan, həmçinin imtahana giriş balını hər kəs üçün maksimum edən tədris ocaqları da var. Bəs, görəsən, bu proses digər ölkələrdə necə davam edir, təhsil sahəsində hansı dəyişikliklər baş verib

Metbuat.az bu barədə məlumat əldə etmək üçün xaricdə təhsil alan azərbaycanlı gənclərə müraciət edib. Həmin sorğunu təqdim edirik:

Abbas Zeynallı, İtaliya -

“İmtahanlarımızda xüsusi bir dəyişiklik olmadı. Sadəcə olaraq, bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən onlayn formada təşkil olundu. Dərslərimiz də eynilə bu qayda ilə keçirilmişdi. Yazılı və test imatahanlarında cavabları yükləmək üçün 2 saat vaxt ayrılırdı, bu müddətdən sonra yüklənən cavablar isə qəbul edilmirdi. Həmçinin şifahi imtahanlarımız da görüntülü olaraq, keçirildi”.

Həşim Səhrablı, Türkiyə -

“Fakültəmizdə əvvəcədən bildirilmişdi ki, biz imtahanlar əvəzinə, elmi araşdırmalar hazırlayıb təqdim etməliyik. Virusdan sonra da bu qərar olduğu kimi qaldı və biz hazırda imtahanlar yerinə elmi məqalələr hazırlayırıq. Ancaq bildiyim qədəriylə, digər fakültə və bakalavr pilləsində təhsil alan tələbələr üçün bəzi dəyişikliklər nəzərdə tutulub. Xüsusən, virusun məlum təhlükəsindən dolayı imtahanlar təxirə salındı. Daha doğrusu, imtahanlar üz-üzə deyil, onlayn qaydada həyata keçirildi və ya keçiriləcək. Universitetlərə giriş birmənalı şəkildə qadağan edilmişdi. Hazırda kampüslər açılsa da, dərs prosesi başlanılmadı və dərslər sentyabrdan növbəti tədris ilinə uyğun başlanılacaq”.

Vəfa Mövlayeva, Gürcüstan -

“Təəssüf ki, onlayn dərslərin keyfiyyəti bir o qədər də yüksək olmadı. Demək olar ki, tələbələrin bir çox hissəsi dərslərə qatılmırdı. Universitet rəhbərliyi bunu nəzərə alaraq, dərslərin qrup halında keçirilməsini ləğv etdi. Biz öz mövzularımızı müəllimlərimizlə individual olaraq, müzakirə edib hazırladıq.

Qiymətləndirmə sistemində isə bir dəyişiklik olmasa da, işlərimizi təqdim edəcəyimiz son tarix uzadıldı, tələbələrə əlavə vaxt verildi”.

Zaur Mahmudov, Macarıstan -

“İmtahanlarla bağlı bizə xüsusi güzəştlər olunmadı. Ölkədəki bir çox qurumlar kimi universitətlər də onlayn rejimə keçdi. Həm dərslərimiz, həm də sessiya və yekun imtahanlarımız onlayn şəkildə təşkil olundu. Budapeştdə imtahanlar tələbələrdəntest, yazılı və şifahi qaydada qəbul edilir. Yəni, hər fənnin özünə uyğun olaraq. Əvvəlcədən planlanmış qaydada bütün tələbələrdən imtahanlar götürüldü. Bizə müəyyən vaxt limiti verilmişdi. Məsələn, şifahi imtahanlarda bu 20 dəqiqə idisə, yazılı və test imtahanlarında bu müddər 1 saat və daha çox idi”.

Sahilə Musayeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)