Filmin məsləhətçisi akademik Arif Mehdiyev, moskvalı qonaqlar Valentin Lebedev və Natalya Korolyova Kərim Kərimovun həyat və yaradıcılığı, kosmonavtika elminə töhfələrindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, sadə və təvazökar insan olan Kərim Kərimov Azərbaycanı çox sevirdi və Moskvadakı Azərbaycan diasporu ilə əlaqələrini kəsmirdi. O, hər zaman elmə sədaqətlə xidmət edir, yorulmadan çalışırdı. Uçuşlar, müzakirələr və elmi axtarışlardan usanmayan alim dostlarına da vaxt ayırır və hər kəsin problemi ilə maraqlanırdı.
Rejissor, xalq artisti Vasif Babayev sənədli filmin ərsəyə gəlməsi, çəkiliş prosesi barədə fikirlərini bölüşüb. O, həmçinin 1970-1980-ci illərdə Kərim Kərimovla tanışlığı və görkəmli insan haqqında çəkdiyi ilk sənədli filmin tarixçəsi ilə bağlı xatirələrini də danışıb.
Xatırladaq ki, filmin ideya müəllifi və layihə rəhbərlərindən biri akademik Arif Paşayev və akademik Arif Mehdiyevdir. Film bir neçə dövrü əhatə edir və müxtəlif illərdə lentə alınmış hadisələri birləşdirir. Çəkilişlər Moskvada, Bakıda və Baykonurda aparılıb. Ekran əsərinin ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərov, 1970-1980-ci illərin xronika operatorları Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.