Bu gün magistraturaya qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirir.

DİM-dən Metbuat.az-a bildirilib ki, magistraturaya qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək vacibdir.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmək xahiş edilir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 9-dan 19-dək aparılıb. İmtahanda iştirak üçün 19 min 885 bakalavr ərizə təqdim edib. Onlardan 18 min 139 nəfəri Azərbaycan bölməsi, 1746 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10 min 530-u cari ilin, 9 min 355-i isə əvvəlki illərin məzunlarıdır, 42 nəfər xarici ölkə vətəndaşıdır. Magistraturaya qəbul olmaq istəyən ən cavan bakalavr 2002-ci il, ən yaşlı bakalavr isə 1963-cü ildə anadan olub.

Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 3, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 13961, Naxçıvanda 680, Gəncədə 1452, Sumqayıtda 1494, Abşeronda 854, Mingəçevirdə 950, Lənkəranda 494 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 231 imtahan rəhbəri, 1863 nəzarətçi-müəllim, 170 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)