Xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul imtahanları başlayır

İyunun 9-11-də ali təhsil müəssisələrinin magistraturalarının xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul imtahanları keçiriləcək.

Dövlət İmtahan MərkəzindənMEtbuat.az-a verilən xəbərə görə, bakalavrlar ali təhsil müəssisələrinin magistraturalarının 68, 69 və 70-ci proqramları üzrə ixtisaslaşmalarına qəbul üçün keçirilən qabiliyyət imtahanlarına buraxılış vərəqələrini 9 iyun tarixində də çap edə bilərlər. Bakalavrlar elektron ərizələrinə daxil olub buraxılış vərəqələrini, sağlamlıq haqqında bəyannaməni, yaddaş kitabçasını (həmçinin musiqi istiqaməti üzrə qeydiyyatdan keçən bakalavrlar proqram formasını) çap edə bilərlər.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. İmtahanlar 9-11 iyun tarixlərində Bakıda 4 binada keçiriləcək və 29 Qabiliyyət İmtahanı Komissiyası təşkil ediləcək.

İmtahana mobil telefon və ya əlavə ötürücü qurğu gətirən şəxslər imtahandan xaric ediləcəklər. İmtahan qaydalarını pozan şəxslərin imtahan nəticələri ləğv ediləcəkdir. İmtahanının nəticəsindən narazı olan bakalavrlar həmin gün ərizə vasitəsilə apellyasiyaya müraciət edə bilərlər.

Apellyasiya həmin gün imtahan binasında təşkil edilir. Təkrar imtahan götürülməsi ilə bağlı müraciətlərə baxılmır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)